REGİONLAR


Ordubad rayon Əndəmic kənd tam orta məktəbinin şagirdləri “Dram müsabiqəsi”nin qalibi olublar

Naxçıvan, 25 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ümumtəhsil müəssisələrində elan olunan “Mütaliə aylığı” çərçivəsində “Pedaqoji fikir tarixindən” və Azərbaycan yazıçılarının dram əsərlərindən seçmələrin şagirdlər tərəfindən səhnələşdirilməsi və “Dram müsabiqəsi” təşkil olunub.

Muxtar respublikanın Təhsil Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müsabiqənin şəhər və rayon mərhələsi keçirilib, hər bir məktəb 1 dram əsəri ilə iştirak edib. 149 məktəb üzrə 946 şagirdin iştirak etdiyi şəhər və rayon mərhələsində hər rayon (şəhər) üzrə I yerin qalibi olmuş məktəbin və Təhsil Nazirliyinə birbaşa tabe məktəblərin şagirdləri muxtar respublika mərhələsində iştirak etmək hüququ qazanıblar.

Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində dram müsabiqəsinin muxtar respublika mərhələsi keçirilib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Heyran Əhmədova bildirib ki, dram əsərlərinin səhnələşdirilməsi şagirdlərdə mütaliəyə maraq oyadılmasında, nitqin inkişafında, onların cəmiyyətdə özünü müstəqil şəkildə düzgün ifadə etməsində və istedadlı şagirdlərin üzə çıxarılmasında mühüm rol oynayır.

Müsabiqədə şagirdlər tərəfindən hazırlanmış səhnəciklər təqdim edilib. Səhnəciklər münsiflər tərəfindən qiymətləndirilib. I yerin qalibi Ordubad rayon Əndəmic kənd tam orta məktəbinin, II yerin qalibi Şərur rayon Mahmudkənd tam orta məktəbinin, III yerin qalibi isə Kəngərli rayon Qarabağlar kənd 1 nömrəli tam orta məktəbinin şagirdləri olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.