REGİONLAR


Ordubad rayonunda bələdiyyə sədrlərinin iştirakı ilə seminar təşkil olunub

Ordubad, 15 oktyabr, AZƏRTAC

Ordubad rayonunda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi və qanunçuluğun təmin edilməsi” mövzusunda bələdiyyə sədrlərinin iştirakı ilə seminar olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Dəstə Kənd Mərkəzində keçirilən seminarda Ordubad Rayon İcra Hakimiyyətinin nümayəndəsi Reyhun Babayev çıxış edərək mövzunun əhəmiyyəti barədə danışıb.

Ədliyyə Nazirliyinin əməkdaşı, I dərəcəli ədliyyə qulluqçusu Xəyal Eyvazov çıxışında qeyd edib ki, bələdiyyə mülkiyyətində olan torpaqların hüquqi və fiziki şəxslərə icarəyə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilməlidir.

Bələdiyyələrin mülkiyyət hüququ və torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatı barədə danışan Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin sektor müdiri Oktay Məmmədov qeyd edib ki, bələdiyyə mülkiyyətində olan ehtiyat fondu torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilməlidir.

Ədliyyə müşaviri Ayaz Məhərrəmov diqqətə çatdırıb ki, respublikada bələdiyyələrin inkişafı və fəaliyyətlərinin təkmilləşdirilməsi üçün zəruri şərait yaradılıb və yerli özünüidarə hüququnu həyata keçirməkdə əhaliyə hərtərəfli köməklik göstərilir. Bələdiyyələrin bütün iclasları protokollaşdırılmalı, tərtib olunan bələdiyyə aktları qanunvericiliyə uyğun hazırlanmalıdır.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.