REGİONLAR


Ordubad rayonunun kəndlərində tikinti-quruculuq işləri davam etdirilir

Ordubad, 14 noyabr, AZƏRTAC

Muxtar respublikanın Ordubad rayonunun kəndlərində tikinti-quruculuq işləri davam etdirilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, rayonun Nüsnüs kəndində yenidənqurma işləri aparılır. Kənddə inşa olunan 414 şagird yerlik məktəb binasında müəllim və şagirdlərin ixtiyarına geniş və işıqlı 23 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter, 2 elektron lövhəli sinif, şahmat və müəllimlər otaqları, kitabxana, bufet, idman zalı, açıq idman qurğuları veriləcək. Binada müasir istilik sistemi quraşdırılacaq.

Burada inşa olunan kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, ATS, poçt, bələdiyyə, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının ərazi ilk təşkilatı, mədəniyyət evi, kitabxana, baytarlıq və polis sahə məntəqələri, həkim ambulatoriyası üçün müasir şərait yaradılacaq. Həkim ambulatoriyası binanın birinci mərtəbəsində yerləşəcək.

Kənd mərkəzinin yaxınlığında inşa edilən xidmət mərkəzində mağaza, bərbərxana, ət satışı dükanı və gözəllik salonu fəaliyyət göstərəcək.

Bu tədbirlərlə yanaşı, yaşayış məntəqəsinin kənddaxili yolları da asfaltlaşdırılıb, Aşağı Əndəmic kəndindən Nüsnüsədək olan avtomobil yolu isə əsaslı surətdə yenidən qurulmaqdadır. Yolun üzərindəki körpülər də yenilənib. Ordubad şəhərindən Yuxarı Əndəmic kəndinə qədər olan yol isə təmir olunaraq çalalar doldurulub, ehtiyac olan yerlər asfaltlaşdırılıb.

Həyata keçirilən quruculuq ünvanlarından Yuxarı Əndəmic kəndinə də pay düşüb. Bu yaşayış məntəqəsində kənd və xidmət mərkəzləri inşa olunmaqdadır. Bu ünvanda da tikinti-quraşdırma işləri, demək olar ki, tamamlanıb, hazırda binaların daxilində son tamamlama işləri həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.