REGİONLAR
Ordumuz işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadirdir
İsmayıllı, 26 iyun, AZƏRTAC
İsmayıllıda rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 26 iyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə əlaqədar bayram tədbiri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, bayram tədbirində Qarabağ müharibəsi əlilləri və veteranları, ehtiyatda olan zabitlər, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xidmətin İsmayıllı şöbəsinin zabitləri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Silahlı Qüvvələr Günü münasibətilə iştirakçıları təbrik edib, Azərbaycan Ordusunun yaranma tarixindən, ümummilli lider Heydər Əliyevin bu sahədəki misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, bu gün Azərbaycanda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordu formalaşıb.
Digər çıxışlarda da Azərbaycan ordusunun qüdrətindən danışılıb. Bildirilib ki, ordumuz işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadirdir.
Sonda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və ehtiyatda olan bir qrup zabitə hədiyyələr və mükafatlar verilib.