SİYASƏT
Ordumuzun qüdrəti Cocuq mərcanlılara öz doğma kəndlərinə qayıdıb əmin-aman yaşamalarına stimul yaradır
Bakı, 26 yanvar, AZƏRTAC
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulması və sakinlərin oraya qayıtması əslində böyük qayıdış proqramının başlanğıcıdır. Azərbaycan Prezidenti İlham Əliyevin bu barədə Sərəncamı bütün məcburi köçkünlərimizdə öz doğma torpaqlarına qayıdacağı günün uzaqda olmaması ilə bağlı inam hissini daha da gücləndirdi.
Bu fikri AZƏRTAC-a açıqlamasında hərbi ekspert, “Azeri Defence” jurnalının bas redaktoru Rəşad Süleymanov deyib.
Ekspert qeyd edib ki, Cocuq Mərcanlı kəndi 1994-cü ilin yanvar ayında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin başlatdığı uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad edilib. Lakin ətraf yüksəkliklərdə Ermənistan ordusunun mövqe tutması kəndin ərazisini faktiki olaraq təhlükə altında saxlayırdı. 2016-cı il aprelin 2-də Azərbaycan Silahlı Qüvvələrinin əks həmləsi ilə Lələtəpə yüksəkliyinin azad edilməsi ilə Ermənistan ordusunun kəndə, oradakı mövqelərimizə yaratdığı təhlükə aradan qalxdı. Bu gün artıq Cocuq Mərcanlıda sakinlərin asayiş içində yaşaması üçün şərait var. İşğaldan azad edilmiş yüksəkliklərdən düşmənin işğal altında saxladığı ərazilərdəki mövqeləri tam olaraq nəzarət altında saxlanılır, təxribat imkanları vaxtında aşkarlanaraq zərərsizləşdirilir. Öz növbəsində, aprel döyüşlərinin nəticələri və Azərbaycan Ordusunun qüdrəti insanlara öz doğma yurdlarına qayıdıb əmin-aman yaşamalarına stimul yaradır. Prezident İlham Əliyevin ötən ilin noyabr ayında Füzuli rayonuna səfəri zamanı Lələtəpə yüksəkliyində və işğaldan azad edilmiş digər ərazilərdə hərbçilərlə, sakinlərlə görüşü onlarda olan inamı daha da artırdı.
R.Süleymanov statistik məlumatlara nəzər salaraq bildirib ki, 2016-cı ilin aprel döyüşləri zamanı Lələtəpə istiqamətində Ermənistan ordusu 200-dən çox canlı qüvvə, 15-ə yaxın tank, PDM və zirehli döyüş maşını, çoxlu sayda hərbi texnika itirib. Çox sayda silah və hərbi texnika qənimət olaraq ələ keçirilib. Aprel ayının 3-də və 4-də düşmənin itirilmiş mövqelərini geri almaq üçün əks həmlələri nəticəsiz qaldı. Bu gün də düşmən o itkilərin yaratdığı sindromdan xilas ola bilmir. Lələtəpə döyüşü 1994-cü ilin yanvar ayında baş vermiş Horadiz əməliyyatından sonra düşmənin eyni istiqamətdə aldığı ən ağır zərbə oldu. Növbəti əməliyyatlar başladığı təqdirdə, Silahlı Qüvvələrimiz qısa müddətdə digər əraziləri azad edərək Ermənistan-Azərbaycan dövlət sərhədinə çıxacaq. Azərbaycan Ordusunun arsenalında olan müasir silah sistemləri və texnikalar cəbhənin yüz kilometrlərlə dərinliyindəki düşmən hədəflərini yüksək dəqiqliklə məhv etməyə, döyüş əməliyyatlarını qısa müddətdə başa çatdırmağa imkan verir. Bu silahların böyük hissəsi heç aprel döyüşlərində istifadə olunmadı. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında qeyd etdi ki, aprel döyüşlərindən sonra silahlanma məsələsində çox önəmli addımlar atılıb. Ən müasir silahlar ölkəmizə gətirilib və bu il də bu proses davam edəcək. Ən müasir silahlarımızın bir hissəsi nümayiş etdirilib, bir hissəsi isə lazım olan vaxtda, lazım olan yerdə nümayiş etdiriləcək.