SİYASƏT
Ordumuzun torpaqlarımızı azad etməsi cəbhə bölgəsində yaşayan sakinləri daha da ruhlandırır - Ağdamın Qaradağlı kəndindən reportaj
Ağdam, 7 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Ordusunun hücumları qarşısında aciz qalan düşmən cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanları ağır artilleriya qurğularından və raket sistemlərindən atəşinə tutmaqda davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ermənistan silahlı bölmələrinin artilleriya atəşinə məruz qalan yaşayış məntəqələrindən biri də Ağdam rayonunun Qaradağlı kəndidir. Düşmənin terror əməlləri nəticəsində Qaradağlı kəndində 1 ev dağılıb, 8 evə, infrastruktura, kənd təsərrüfatına ziyan dəyib, ölən və xəsarət alanlar var. Buna baxmayaraq, kəndin hər gün atəşə tutulması Qaradağlı sakinlərini ruhdan salmır. Azərbaycan Ordusundan hər gün sevindirici xəbərlər gözləyən sakinlər qələbənin uzaqda olmadığına əmindirlər.
Kənd sakini Fuad Bəxtiyarov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib: "Xain düşmən kəndimizi mütəmadi atəşə tutur. Bununla da bizi qorxutmaq, ruhdan salmaq istəyir. Ancaq görürsünüz, hamıda böyük ruh yüksəkliyi var. Ordumuz düşmənə layiqli cavab verir, torpaqlarımız işğaldan azad edilir. Tezliklə qələbə bizim olacaq".
Digər sakin Elçin Allahverdiyev isə deyib: "Kənddə əhalinin dolanışığı əsasən heyvandarlıq və əkinçiliklə təmin olunur. Düşmənin atəşi nəticəsində dağıntılarla yanaşı, kənd təsərrüfatına da xeyli ziyan vurulur. Atılan mərmilərin xeyli hissəsi əkin sahələrinə düşür. Bu, çətinliklər yaratsa da ruhdan düşmürük. Ordumuzun düşmən üzərində qazandığı qələbələr, yaşayış məntəqələrinin azad edilməsi bizi - cəbhə bölgəsində yaşayan sakinləri daha da ruhlandırır".
Qeyd edək ki, sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Dinc sakinlər hədəf alınıb, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.