ELM VƏ TƏHSİL


Orta ixtisas təhsili müəssisələrində təhsilalanların biliyinin qiymətləndirilməsi qaydası dəyişib

Bakı, 7 iyun, AZƏRTAC

Nazirlər Kabineti “Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nın təsdiq edilməsi haqqında” 2010-cu il 23 aprel tarixli 76 nömrəli qərarında dəyişiklik edib.

AZƏRTAC xəbər verir ki, dəyişikliyə əsasən, orta ixtisas təhsili proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşacaq. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Nazirlər Kabinetinin 2013-cü il 26 dekabr tarixli 354 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən müəyyən edilmiş Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunacaqlar. Təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq çıxarılmış yekun attestasiyanın nəticələri ilə razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanında (fənlərarası) iştirak edə bilər.

İmtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları orta ixtisas təhsili müəssisələri tərəfindən müəyyənləşdiriləcək.

Qeyd edək ki, qüvvədə olan qərara əsasən, orta ixtisas təhsili proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir. Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları Nazirlər Kabineti, təhsilalanların attestasiyasının aparılması qaydası isə Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.