ELM VƏ TƏHSİL
Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başlanıb
Bakı, 1 sentyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edir.
Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 30-dan, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılır.
DİM-dən AZƏRTAC-a bildirilib ki, tam orta təhsil səviyyəsini Azərbaycanın ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər müsabiqədə buraxılış imtahanında (11-ci siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.
İxtisas seçimi sentyabrın 1-dən 5-dək internet vasitəsilə aparılır. Bu mərhələdə abituriyentlər qəbul olunmaq istədikləri ixtisasları seçib onların kodlarını https://eservices.dim.gov.az/erizebak/ixtisas3/ internet ünvanındakı “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiqləməlidirlər.
İxtisas seçmək hüququna malik abituriyent orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir.
Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarını isə yalnız qabiliyyət imtahanlarından “məqbul” alan və test imtahanında topladıqları ümumi balı 25-dən az olmayan abituriyentlər seçə bilərlər. Fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Abituriyentlərə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçmək imkanı verilir.
Kolleclərin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc edilib.