ELM VƏ TƏHSİL
Orta məktəbdə AZƏRTAC-ın Uşaq Bilik Portalının təqdimatı olub VİDEO
Bakı, 18 fevral, AZƏRTAC
Fevralın 18-də Bakı şəhərindəki 144 nömrəli tam orta məktəbdə AZƏRTAC-ın Uşaq Bilik Portalının təqdimatı olub.
Təqdimat məktəbin 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə təşkil etdiyi “Ana dilimizi qoruyaq” tədbiri çərçivəsində reallaşıb.
Təhsil işçilərinin, dil mütəxəssislərinin, müəllim və şagird kollektivinin, valideynlərin iştirakı ilə keçirilən tədbirdə məktəbin direktoru Həcər Mahmudova Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən, ana dilimizin inkişafı istiqamətində görülən işlərdən danışıb.
Sonra söz məktəblilərə verilib. Onların ana dili mövzusunda rəngarəng çıxışları, o cümlədən söylədikləri şeirlər, oxuduqları mahnılar, təqdim etdikləri səhnəciklər, dahilərin müdrik kəlamlarından nümunələr böyük maraqla qarşılanıb. Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesindən, habelə ana dilini əcnəbi sözlərlə korlayanlar haqqında digər səhnəciklər, uşaq xorunun ifasında səslənən Cahangir Cahangirovun “Füzuli” kantatası, Emin Sabitoğlunun “Şirin dil” mahnıları tədbirə rəng qatıb. Xalq Şairi Bəxtiyar Vahabzadənin öz səsi ilə oxuduğu “Ana dili” şeiri hər kəsi təsirləndirib.
Çıxışlarda Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin xidmətləri xüsusilə vurğulanıb. Qeyd olunub ki, Ulu Öndərin müdrik siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də ana dilimizin inkişafına, təbliğinə, tətbiqinə, beynəlxalq aləmdə nüfuzunun artmasına xüsusi önəm verir. Dövlətimizin başçısının dilimizin qorunması və inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar bu sahədə mühüm rol oynayır.
Daha sonra tədbirdə Uşaq Bilik Portalının (www.portal.azertag.az) slayd-şou vasitəsilə təqdimatı olub. Məlumat verilib ki, 2013-cü ildən fəaliyyətə başlayan portal müxtəlif yaş qruplarından olan uşaqlar üçün nəzərdə tutulub. Burada tarix, mədəniyyət, elm və digər sahələr, görkəmli şəxsiyyətlər barədə zəngin materiallar toplanır. Əsas məqsəd yetişməkdə olan gənc nəslin intellektual səviyyəsini və biliklərini artırmaq, uşaqlarda vətənpərvərlik hissləri, milli və ümumbəşəri dəyərlər aşılamaq, onların estetik zövqünü formalaşdırmaqdır.
Portalda, həmçinin cizgi filmləri, uşaq mahnıları, laylalar, nağıllar, tapmacalar, şeir və hekayələr də yerləşdirilir. Eyni zamanda, uşaqların çəkdikləri rəsmlər, yazdıqları şeirlər və inşalara yer ayrılır. “Ensiklopediya” bölməsi isə bütün sahələrə dair məlumatları əhatə edir. Azərbaycan və rus dillərində fəaliyyət göstərən Uşaq Bilik Portalını “Facebook” səhifəsində də izləmək mümkündür.
Məktəbin direktoru Həcər Mahmudova portalı izlədiyini, onun təkcə uşaqlar üçün deyil, müəllimlər üçün də faydalı olduğunu diqqətə çatdırıb.
Tədbirdə AZƏRTAC-ın Uşaq Bilik Portalına dair bukletlər paylanılıb.