CƏMİYYƏT
Orta məktəblərdə mülki müdafiə fənnini tədris edən müəllimlər üçün kurslar təşkil olunub
Bakı, 10 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi paytaxtın ümumtəhsil müəssisələrində mülki müdafiə fənnini tədris edən II, V və VI sinif rəhbərləri ilə üçgünlük kurslar təşkil edib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, kursların keçirilməsində məqsəd məktəblərdə mülki müdafiəni tədris edən müəllimlərin bu sahə üzrə bilik və bacarıqlarının artırılmasıdır.
Tədbirlərdə Bakı Regional Mərkəzinin, FHN Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin, Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları da iştirak ediblər.
Tədbirin nəzəri hissəsində “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, “112 - qaynar xətti”, “Civə dağılmaları zamanı davranış qaydaları” mövzularında məruzələr dinlənilib. İştirakçılara fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, məişətdə qaz cihazlarından istifadə edərkən təhlükəsizliyin təmin edilməsi, sel və daşqınlar, nəqliyyat qəzaları, partlayışlar və digər fövqəladə hallarla bağlı ətraflı məlumatlar verilib, mövzulara aid videoçarxlar nümayiş etdirilib.
Tədbirlərdə şərti zəlzələ həyəcanı elan edilib və zəlzələ zamanı düzgün mövqe seçimi və digər davranışlar müəllimlərin iştirakı ilə nümayiş olunub. Bundan əlavə odsöndürən balonlardan istifadə qaydaları barədə məlumat verilib, onların müəllimlər tərəfindən istifadəsi təşkil edilib. Nəzəri hissədə mövzular üzrə verilmiş çoxsaylı suallar ətraflı cavablandırılıb.
Kurslarda müxtəlif növ fövqəladə hallar zamanı hərəkət qaydaları, eləcə də mülki müdafiənin təşkili ilə bağlı plakatlar nümayiş olunub.
Praktiki hissədə məktəblərdə baş verməsi simulyasiya edilmiş yanğın zamanı tədbir iştirakçılarının təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilib. Yanğın, mühəndis və kimya kəşfiyyatı aparıldıqdan sonra yanğının söndürülməsi nümayiş olunub.
Kurslarda iştirakçılara xüsusi təyinatlı avtomobillər və onların təchiz olunduğu spesifik alət və avadanlıq, eləcə də xəsarətalanlara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları göstərilib.
Beş minə yaxın müəllimin cəlb edildiyi kurslarda qarşıya qoyulan məqsədə nail olunub.