İQTİSADİYYAT
Orta sahibkarlığın kapital bazarları vasitəsilə maliyyələşməsi imkanları müzakirə edilib
Bakı, 20 noyabr, AZƏRTAC
Bakıda orta sahibkarlığın kapital bazarları vasitəsilə maliyyələşməsi imkanları müzakirə edilib.
Bakı Fond Birjası (BFB) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə "Şirkətlərin inkişaf yolunda IPO və istiqraz buraxılışı" mövzusunda biznes konfrans keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, konfransın əsas məqsədi kapital bazarları vasitəsilə maliyyələşmənin təşviqi, bu sahədə zəruri biliklərin formalaşdırılması, eyni zamanda, potensial investorlar, şirkətlər və vasitəçi qurumlar arasında dialoqun qurulmasını təmin etməkdir.
Tədbirdə "Grant Thornton Azerbaijan" şirkəti və Bakı Fond Birjasının nümayəndələri orta sahibkarlığın və ailə biznesinin inkişafında IPO-nun (ilkin kütləvi yerləşdirmə) rolu və Listinq Məsləhət Proqramı mövzusunda təqdimatlar edib, təcrübələrini bölüşüblər.
Panel iclasda "SOCAR Kapital", "Azfinance", "PSG Kapital" şirkətlərinin, o cümlədən Bakı Fond Birjasının nümayəndələri tərəfindən "Kapital bazarlarında qiymətli kağızlar təcrübəsi" mövzusu üzrə ətraflı müzakirələr aparılıb.
Konfransda orta sahibkarlığın kapital bazarları vasitəsilə maliyyələşməsi imkanları xüsusi olaraq diqqətə çatdırılıb.
Sonra tədbir ikitərəfli görüşlərlə davam edib.
Konfransda maliyyə, kənd təsərrüfatı, sənaye, istehsalat, sığorta, tikinti və s. sahələr üzrə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.
Qeyd edək ki, Bakı Fond Birjasının Listinq Məsləhət Proqramı çərçivəsində kapital bazarından maliyyələşmənin təşviqi və investisiyanın cəlb edilməsi istiqamətində fəaliyyətini davam etdirir.