İQTİSADİYYAT
Ortamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 10 noyabr, AZƏRTAC
Noyabrın 10-na Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106022780 ISIN-li, 15 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 6 investor tərəfindən qiymət intervalı 93.9483 AZN (9.88 faiz) və 100.0264 AZN (7.49 faiz) olan 10 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 99.9735 AZN (7.51 faiz), orta ölçülmüş qiyməti 100.0124 AZN (7.4953 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 50 milyon 299 min 500 manat, yerləşdirilmiş həcmi isə 8 milyon 359 min 800 manat təşkil edilib. İstiqrazlar 2023-cü il noyabrın 7-də ödəniləcək. Hərrac iştirakçıları noyabrın 11-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.