İQTİSADİYYAT
Ortamüddətli xərclər çərçivəsinin hazırlanması məqsədilə təlimlər keçirilib
Bakı, 28 fevral, AZƏRTAC
Fevralın 25-28-də Maliyyə Nazirliyi və Asiya İnkişaf Bankının birgə təşkilatçılığı ilə Azərbaycanda ortamüddətli xərclər çərçivəsinin hazırlanması məqsədilə büdcə xərclərinin funksional təsnifatının “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” pilot bölmələri üzrə büdcənin tərtibində iştirak edən təşkilatlar üçün təfsilatlı təlimatların tətbiqi mövzusunda Maliyyə Elm-Tədris Mərkəzində təlimlər təşkil edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimlər zamanı Maliyyə Nazirliyinin Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Mərkəzinin əməkdaşları tərəfindən təlim iştirakçılarına nazirliyin müvafiq qərarı ilə təsdiq edilmiş və büdcə təşkilatlarına göndərilmiş təfsilatlı təlimatlar əsasında büdcə təşkilatlarının ortamüddətli dövr üçün baza proqnozları, yeni siyasət təşəbbüsləri üzrə sifarişlərinin və proqram (tədbir) üzrə fəaliyyət planlarının hazırlanmasına dair ətraflı məlumatlar verilib, təlimatlara əsasən təsdiqlənmiş formaların doldurulması, eləcə də ortamüddətli proqnozların tərtibi sahəsində praktiki məşğələlər keçirilib.
Sifarişlərin və fəaliyyət planlarının tərtibi zamanı yarana biləcək sualların operativ şəkildə cavablandırılması və metodoloji dəstək müasir internet tətbiqləri vasitəsilə daimi olaraq göstəriləcək.