MƏDƏNİYYƏT


Ortaq dənizli bavurlar: Qazaxıstan və Azərbaycan

Bakı, 17 avqust, AZƏRTAC

Böyük qıpçaq çöllərində maldarlıqla, özəlliklə atçılıqla uğraşan köçəri qazaxlarda söz sənəti böyük sayğıya, nüfuza malik olub. Azərbaycanın Xəzərin o biri tayındakı bavurlarının fitri istedadının ifadəçisi olan şifahi söz sənəti, onların dünyaya, yaşama, məişətə, insana, təbiətə, əşyaya (ümumən münasibətlər sisteminə) baxışını geniş ölçüdə əks etdirib. Qazax şifahi xalq ədəbiyyatı, belə deyək, tarixi qaynaqlar qədər istinadgahdır. Müstəqil dövlətçiliyinin 30-cu ildönümünü ötən il bayram edən, Azərbaycanla diplomatik münasibətlərin 30-cu ildönümünü isə avqustun 30-da qeyd edəcək bavurlarımız qazax ədəbiyyatının, tarixinin, böyük ərazilərinə müqabil şəkildə və o böyük ərazilərə iştahlılara dirəniş ruhunda yazır, başqa dillərə çevirir, tirajlayır, məktəblərdə gənc nəsillərin ideoloji, mənəvi tərbiyəsinə getdikcə daha böyük ölçüdə cəlb edir.

Bu fikirlər Beynəlxalq “Alaş” Ədəbiyyat Ödülü laureatı Əkbər Qoşalı və Qazaxıstanın Beynəlxalq Turizm və Otelçilik Universitetinin professoru, şair-publisist Gülnaz Fayzullanın birgə hazırladığı “Ortaq dənizli bavurlar: Qazaxıstan və Azərbaycan” sərlövhəli yazısında yer alıb. AZƏRTAC yazını təqdim edir.

İki il əvvəl Abayın 175 illik yubileyinin yüksək səviyyədə, beynəlxalq miqyasda keçirilməsi də bu fikrimizi təsdiq edir. Qazax yazılı ədəbiyyatının ustadı Abay şifahi xalq yaradıcılığının energetikasını özündən sonrakılara kamil şəkildə ötürmüşdür. Muxtar Auezovun ünlü “abay yolu” əsəri də bu mənəvi ümumiləşdirmə və ötürməni ifadə edir. Tədqiqatçılar bu dörd cildlik dastan-romanı haqlı olaraq “qazax xalqının yaşamının ensiklopediyası” adlandırır. Yeri gəlmişkən, həmin roman Azərbaycanda uzun illər öncə nəşr edilib.

Azərbaycanla arasında Xəzər keçən amma aramızdan su keçməyən Qazaxıstan mədəniyyət iqlimində cücərən, boy verən bədii söz müxtəlif kütləvi növlərin, formaların toplusu olaraq meydana çıxır. Böyük Qazaxıstanda formalaşan ədəbiyyatın inkişafını təmin edən qazax folkloru, qazax xalqının milli mədəniyyətinin önəmli tərkib hissəsidir. Hər nə qədər, bu ilin ilk ayının ilk günlərində baş vermiş dağıntılı, qanlı-qadalı olaylarda Almatadakı Qazax kinovideo saxlanclarının köklü zərər gördüyünü eşitsək də, ümidvarıq, fədakar qazax kino sənayesi mənsubları hər anlamda toparlanıb, yenidən şifahi xalq yaradıcılığını kinoya, filmlərə daşıyacaq. Hələ keçmiş sovet dönəmində çəkilmiş “Sultan Bəybars” filminin zövqü-səfası canımızdan çəkilməyib. “Köçərilər”, “Tomris” filmləri haqqında bəzi fərqli fikirlər tirajlansa da, “yenə folklor, yenə kino, yenə Qazaxıstan” deyirik və görürük ki, azərbaycanlıların qazax bavurları böyük ərazilərin, böyük maddi sərvətlərin və zəngin mədəni mirasın qoruyucusu olmaqda sabitqədəmdir. Nə yaxşı ki belədir! Hər hansı türk ölkə və topluluğu sırf özünün yaxud ortaq türk dəyərinin qayğısına qalırsa, bu hamımızın xeyrinədir. Necə ki Azərbaycanın 100 il öncəki, son 30 il içindəki bir sıra mədəni quruculuq işləri, əlifba islahatı və s. Orta Asiyalı qardaşlarımız tərəfindən örnək alınıb. Məsələn, latın qrafikalı əlifba islahatı Qazaxıstanda daha yeni-yeni öz həllini tapmaqdadır və bildiyimiz qədər, bu istiqamətdə Azərbaycanın təcrübəsi də öyrənilmişdir.

Son illər qazax ədəbiyyatının başqa dillərə çevrilməsi sahəsində xeyli iş görülüb. Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) xətti ilə “Yeni qazax şeiri” antologiyası 2017-ci ildə Bakıda, 2020-ci ildə Ankarada çıxıb. Qardaş Qazaxıstanın 57 yeni nəsil şairinin şeirləri toplanmış “Yeni Qazax şeiri antologiyası” adlanan (“Elm və Təhsil” Nəşriyyatında çıxan) 280 səhifəlik nəşrə Qazaxıstanın Dövlət mükafatı laureatı Temirxan Mədətbek “Ön söz” yazıb. Antologiyanın tərtibçiləri Tanagöz Tolkınqızı, Dauren Kasenov (Qazaxıstan), dosent Rəsmiyyə Sabirdir (Azərbaycan).

“Yeni qazax şeiri antologiyasi”na daxil edilən şeirlər Qazaxıstanlı yeni nəsil yazarları Gülnaz Fayzulla, Gülnaz Satbay, Azərbaycanlı yazarlar Rəsmiyyə Sabir, Təranə Turan (Rəhimli), Gülnar Səma (Qasımlı), Afaq Şıxlı, Elxan Zal Qaraxanlı, İbrahim İlyaslı, İntiqam Yaşar, Ruslan Dost Əli və bu məruzənin müəllifi tərəfindən çevrilib.

Qeyd edək ki, “Yeni qazax şeiri antologiyası”nda şeirləri toplanmış yeni nəsil yazarlarının 21 nəfərlik nümayəndə heyəti 2017-ci ilin son ayının ilk beş günündə “Bakıdan Türk Dünyasına” adlı silsilə tədbirlərdə iştirak edib, tədbir çərçivəsində Bakıda, Sumqayıtda “Yeni qazax şeiri antologiyası”nın təqdimat və imza törənlərində, müzakirələrdə çıxış ediblər. Sonra antologiyanın Almatada, Qazaxıstan Yazıçılar Birliyində də təqdimatı keçirilib. Qazax bavurlarımız 2018-ci ildə “Yeni zaman Azərbaycan poeziyası” antologiyası ilə çıxış edib. Antologiya Qazaxıstandakı Azərbaycan Böyükelçisinin iştirakı ilə Nur-Sultanda təntənəli şəkildə təqdim olunub.

Qazaxıstanın Dövlət mükafatı laureatı Temirxan Mədətbek “Yeni qazax şeir”nə “Ön söz”ündə yazır: “...Mənim qarşımda Xəzər dənizinin ötəsinə doğru yola düşən qağayı kimi 57 qazax şairinin şeirləri qanad vurur...

Yadlardan biri deyə bilməzsiniz – onlar kökü bir, diləyi bir qardaş millətdir - azərbaycanlılar!

Özümüz hər zaman anlatdığımız Nizaminin, Nəsiminin, Füzulinin torpağıdır Xəzərin o tayındakı qardaş ölkə!

Arasında alovlanan gəncləri də bulunan, zəki və bilgili şairlərimizin yaşlı Qafqaz ölkəsindən öz oxucularını tapacağına əminik...

Bu - sorumluluğu böyük, məqsədi yaxşı, savabı bol çalışmaya vaxtını, enerjisini xərcləyən, bu gözəl işi qeyrətlə gerçəkləşdirən tərtibçilərə, çeviricilərə, redaktorlara... ortaq dənizli iki qardaş ölkənin aydınlarının çox təşəkkür edəcəyi şübhəsizdir”!

Əlbəttə, Xəzərin hər iki tayındakı isti ürəklərin bir-birini yaxından tanıması, hər iki ölkədə ard-arda çıxan antologiyalar bir çox ortaq dəyərlərə sahib iki qardaş ölkənin - Qazaxıstanla Azərbaycanın ədəbi-mədəni həyatında yaddaqalan hadisələr sırasında öz yerini alıb. Belə antologiyalar ilk dəfəydi hazırlanırdı. Qardaş ölkələrimizdə müstəqillik dövrü poeziyasının nümayəndələrinin, demək olar, bütün spektri ilə görünməsi, əlbəttə, təqdirəlayiqdir. Yeni nəsil ədəbiyyat nümayəndələrinin tanışlığı yeni dostluqların, işbirliklərinin əsasını qoyub. Yazarların dostluğunun necə təcalla etdiyini 44 günlük Azərbaycan Vətən Müharibəsində biləvasitə gördük. Qazax yazarları Azərbaycanın haqq işini açıq mətnlə, davamlı şəkildə mənəvi və informasiya dəstəyi ilə təmin etdi, şeir yazdılar, məqalə paylaşdılar, Ermənistanın iç üzünü göstərdilər, qazax ictimai fikrini düzgün qidalandırdılar.

Qardaş Qazaxıstanın tanınmış yeni nəsil aydını Ruslan Tusupbayın 2020-ci ilin dekabrında yazdığı ibrətamiz yazını bu sətirlərin müəllifinə Qazaxıstan Yazıçılar Birliyinin başqanı Esdövlət Uluqbəy əfəndi göndərmişdi, biz də onu Azərbaycan KİV-lərində tirajlamışdıq. – Yazı sadədir (necə deyərlər, düzxətli, bərabərsürətlidir) ancaq sərrastıdır, aydındır, çılpaq həqiqətin özüdür:

“Süleyman peyğəmbər və Qarabağ…

Süleyman peyğəmbər və bir uşaq üstündə dalaşan iki qadınla bağlı verdiyi müdrik qərar haqda çoxlarının bildiyi bir rəvayət var. Bildiyimiz kimi, o qadınlara təklif etmişdi ki, uşağı iki yerə bölsünlər və hərəsi bir hissəsini özünə götürsün. Qadınlardan biri o saat razılaşdı ki, bölün uşağı, heç kimə qalmasın. İkinci qadın isə (uşağın əsl anası) fəryadla qışqırdı: “Qoy o qadında qalsın, təki onu öldürməyin!”

Bu rəvayət mənə qəribə də olsa, ermənilərlə azərbaycanlıların Qarabağa münasibətini xatırladır. Birincilər o qadın kimi torpağı “öldürməy”ə razıdır ki, heç kimə qalmasın. Elə buna görə də onlar meyvə ağaclarını doğrayır, evləri yandırır, hətta elektrik dirəklərini də özləriylə aparır. Onlar nə üçün belə edir? Çünki bilirlər ki, bu torpaq onların deyil. Ona görə də bu torpağa o rəvayətdəki qadın özgə uşağa baxan kimi baxırlar: “Qoy bu torpaq heç kimə qismət olmasın”! Bu, onun göstəricisidir ki, onlar bu torpağı heç vaxt özlərininki saymayıb.

Azərbaycanlılarınsa bu torpağa fərqli münasibəti var. Hətta ermənilərin silah gücünə onları öz torpaqlarından çıxardıqları zaman azərbaycanlıların ağlına da gəlməzdi ki, evlərə od vursunlar, ağacları doğrasınlar. Görəsən, səbəb nədir? Çünki azərbaycanlılar öz doğma torpaqlarında yaşayırdı və ona öz balası kimi baxırdı. Həmişə də yüz faiz əmin olublar ki, geri dönəcəklər. Budur hər iki xalqın Qarabağa olan münasibətindəki fərq. Buna görə də biz bu günlər oradan dəhşətli və utancverici kadrları görürük. Bu torpaq onu tərk edən ermənilərdən minnətdarlıq əvəzinə, qarğış eşidir. Amma onlara imkan verilmişdi ki, əşyalarını toplasınlar və sakitcə vidalaşsınlar.

Azərbaycanlıları otuz il öncə oradan qovanda onlara yığışmağa cəmi bir neçə saat vaxt verilmişdi. Sonra da xaincəsinə arxadan atəşə tutmuşdular. Burda söhbət təkcə torpaqdan getmir. Məsələ mərdlikdə və alçaqlıqda, bir tərəfin axmaqlığı, digər tərəfinsə müdrikliyindədir”. Bu, Qazax aydınlarının onlarla yazısından yalnız biridir.

Qazax yeni nəsil yazarlarından danışınca istedadlı gənc yazıçı Erkinbek Serikbayın adını unuda bilmərik. Onun adını məhəbbət və inamla çəkirik. Məhz Erkinbek Azərbaycan həqiqətlərinin qazaxcaya çevrilməsi və nəşri sahəsində yaddaqalan işlər görməkdədir. “Qarabağ hekayələri”ni də, “Xocalı soyqırımı: şahidlərin dili ilə” kitabını da məhz Erkinbek qazaxcaya uyğunlaşdırıb.

Qazax klassikinə Azərbaycanda böyük sayğı

2020-ci ildə AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsində hazırlanan “Muxtar Auezov: Həyatı və yaradıcılığı” (kollektiv - M.Əliyev, N.Məmmədov, X.Hümmətova, T.Teymurov) adlı monoqrafiya işıq üzü görüb. Monoqrafiyada qazax ədəbiyyatının görkəmli nümayəndəsi M.Auezovun ömür yolu, ictimai fəaliyyəti və yaradıcılığının əsas sahələri tədqiqat obyektinə çevrilib. Turan Teymurovun “Muxtar Auezovun “Abay” romanında sənətkarlıq məsələləri” adlı monoqrafiyası da 2020-ci ildə nəşr olunub.

Mahmud Kaşqari Fondunun və Beynəlxalq Türk Akademiyasının xətti ilə Abayın, müvafiq olaraq, “Seçilmiş əsərlər”i və “Qara dastanı” 2020-ci ildə gün üzü görüb. Nüfuzlu "Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının 2020-ci ilin 2-ci nömrəsi Abay Kunanbayevin yaradıcılığına həsr olunub.

Professor Elman Quliyevin hazırladığı və Ankarada çap edilən "Abay Kunanbayev" əsəri bavurlarımızla ədəbi, elmi əlaqələrin miqyası baxımdan diqqəti cəlb edir. Kitabda A.Kunanbayevin həyatı, lirikası, poema və nəsr yaradıcılığı geniş araşdırılmış, poeziyasının mövzu, forma, dil, üslub, vəzn özəllikləri, həmçinin xalq şeiri ənənələrinə bağlılığı, realist təsvir üsullarının zənginliyi, maarifçilik ideyalarının təbliği və s. məsələlər yer alıb. Kitaba Abayın Azərbaycan dilinə çevrilib şeir, poema və nəsr örnəkləri daxil edilib.

Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” (Bakı, 2017, 632 səh.) dərsliyində Qazax ədəbiyyatına geniş yer ayrılıb. Qazax ədəbiyyatın əsas nümayəndələri, aşamaları, tendensiyaları öz əksini tapıb. Professor E.Quliyev ədəbi əlaqələrin inkişafındakı xidmətlərə görə TÜRKSOY-un “Xas Hacib” və “Molla Pənah Vaqif” medalları ilə, ötən il isə Azərbaycan Prezidentinin Sərəncamı ilə ADPU-nun 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeninə layiq görülüb.

Qazax ədəbiyyatından geniş bəhs edən “Türk xalqları ədəbiyyatı üzrə mühazirələr” kitabı isə şair, pedaqoq Vaqif Aslana aiddir. Şəkidə yaşayıb-yaradan Vaqif müəllimin 488 səhifəlik bu qiymətli kitabı 2019-cu ildə “Renessans–A” Nəşriyyat Evində gün üzü görüb.

Dosent Faiq Qəzənfəroğlu Ələkbərlinin “Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq” (Bakı, “Xan” nəşriyyatı, 2017), “Turan uyğarlığına giriş: Turan Mefkuresi ve Tanrıcılık” (Ankara, Astana yayın evləri, 2020) kitabları Qazax ədəbiyyatı daxil olmaqla, türk xalqları ədəbiyyatı (mədəniyyəti) ağırlıqlı qiymətli kitablardır.

Filologiya üzrə fəlsəfə doktoru, AMEA Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Eşqanə Babayeva 2017, 2018, 2019, 2020, 2021-ci illər üzrə “Azərbaycan və Türk dünyası arasında ədəbi əlaqələr” mövzusunda hesabat-məruzələrlə çıxış edərkən, Qazaxıstanla ədəbi əlaqələrə də yer ayırıb. (2016-cı il üzrə məruzəni isə professor Nizami Tağısoy edib).

Eşqanə xanım Azərbaycan – Türk dünyası ədəbi-mədəni əlaqələrinin inkişafında sürətlənmə müşahidə edildiyini vurğulayır. O, müstəqil türk respublikaları, o cümlədənm Qazaxıstanla ədəbi əlaqələrin inkişafının yüksək olduğundan məmnunluq ifadə edərkən, digər türk xalqları arasında (noğay, qumuq və b.) ədəbi-mədəni əlaqələrin “olduqca zəif” olmasına təəssüfünü bildirir. Alim sözügedən istiqamətdə elmi-nəzəri konfranslar, görüşlər keçirildiyini, dissertasiya və məqalələr dərc olunduğunu qeyd edir.

Bu yazının həmmüəllifinin “Türk xalqları ədəbiyyatı dövrləşməsi. Azərbaycandan baxış” yazısında (https://edebiyyatqazeti.az/news/sience/9028-turk-xalqlari-edebiyyati-dovrlesmesi-azerbaycandan-baxis) I dövr – “Ən qədimdən Yunus Əmrəyədək (dövrünədək)” götürülüb. (Digər dövrlər: II - Yunus Əmrədən (dövründən) Birinci Dünya müharibəsinədək; III - Birinci Dünya müharibəsindən günümüzədək).

Birinci dövrü qapayan Yunus Əmrənin ustadı Tapduq Əmrə (1210-1215) Türküstan mürşidlərindən, o mürşidlər Əhməd Yəsəvidən dərs almışdı. Nə qəribədir: İslamı Orta Asiyada ərəblər yaymışdı, Orta Asiyadan Anadoluya Türküstan alpərənlərinin gəlişini zəruri edən dönəmdə isə ərəblər tənəzzül içindəydi, İslamın bayrağını o vaxt və ondan sonra ucaltmaq türklərin sayəsində mümkün olmuşdur. O zamanlar ruhanilərimiz şair, şairlərimiz ruhaniydi...

Türküstan torpaqlarında yaşayıb-yaratmış, məqbərəsi çağdaş Qazaxıstanın Türküstan şəhərində olan Əhməd Yəsəvinin Nizami Gəncəvi yaradıcılığına təsirləri bilinən ədəbi faktdır. “Dədəm Qorqudun Kitabı”, “Manas”, Yusif Balasaqunlunun “Qutadqu Bilik”i, Əhməd Yüqnəkinin “Atibətül-Həqaiq”i Xoca Əhməd Yəsəvinin “Divani-Hikmət”inə qədər digər türk xalqlarına aid və doğmasa, o qədər qazax xalqına aid və doğmadır. Yeri gəlmişkən, Xoca Əhməd Yəsəvinin “Divani-Hikmət”i Milli Məclisin Mədəniyyət Komitəsinin mənəvi dəstəyi ilə nəşrə hazırlanıb. “Divani-hikmət”i Azərbaycan dilinə tam şəkildə, geniş izahlarla birgə ilk dəfə, şair, ruhaniyyatçı Tural İrfan və bu yazının həmmüəllifi (Türkiyə və Qazax türkcəsində nəşrləri, əsərin orijinalını tutuşduraraq) uyğunlaşdırıb.

Azərbaycan Qazaxıstan qardaşlığına eşq olsun!

Ölkələrimizin dövlət bayraqları, yazarlarımızın söz bayrağı uca olsun!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.