CƏMİYYƏT
Ortoped və travmatoloqlar çətin müalicə olunan xəstəliklərdə tətbiq edilən modern üsulları müzakirə ediblər
Bakı, 14 mart, AZƏRTAC
Mərkəzi Neftçilər Xəstəxanasında “IX xəstəxanalararası ortopediya və travmatologiya müzakirələri” toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, toplantını keçirməkdə başlıca məqsəd problemli xəstəliklərin fərqli müalicə üsulları, modern ortopediya və travmatologiyanın ölkəmizdə tətbiqi ilə əlaqədar müzakirə və fikir mübadilələri aparmaqdır.
Toplantının ilk hissəsi nəzəri-təcrübi təqdimatdan ibarət olub. Xəstəxananın həkimləri Vüqar Quliyev və Şəhriyar Fətullayev bel nahiyəsində olan fəqərə sınıqlarına yanaşma, müasir bərpa üsulları, xəstənin gündəlik həyata qaytarılması üçün görülməsi vacib olan zəruri tibbi tədbirlər barədə məruzə ediblər.
Toplantının sonrakı hissəsində ölkəmizin müxtəlif xəstəxanalarında çalışan ortoped və travmatoloqların çətin müalicə olunan xəstəliklər barəsində öz müalicə üsulları, bu sahədə digər ölkələrdə tətbiq edilən ən qabaqcıl müalicə formaları və onların tətbiq imkanları araşdırılıb.
Qeyd edək ki, toplantı ötən ilin oktyabrından başlayaraq keçirilir. Ayda bir, bəzən iki dəfə keçirilən həmin toplantı ölkəmizdə bu sahədə çalışan həkimlər arasında qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək, müalicəsi çətin xəstəlikləri müzakirə etmək və onun nəticəsi olaraq ortaq həll yolları tapmaq və ən əsası xəstələrə yüksək səviyyəli xidmət göstərməyə, onların sağlamlığına xidmət edir.