CƏMİYYƏT
Orxan İsayev: Azərbaycanda korrupsiyaya qarşı mübarizə beynəlxalq qurumlar tərəfindən müsbət qiymətləndirilir
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər beynəlxalq qurumlar tərəfindən müsbət qiymətləndirilir.
Bu fikri Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Orxan İsayev AZƏRTAC-a açıqlamasında bildirib.
Beynəlxalq Şəffaflıq Təşkilatının “Korrupsiya Qavrama İndeksi”nin 2017-ci il üzrə hesabatında Azərbaycanın 31 balla qiymətləndirilərək 180 ölkə arasında 122-ci olduğunu vurğulayan O.İsayev deyib: “2009-cu ildən başlayaraq, həmin təşkilatın hesabatlarında ölkəmizlə bağlı nəticələr üzrə, istər pillə, istərsə də qiymətləndirmə balı baxımından daim müsbət dinamika müşahidə olunur. Bununla belə, 2017-ci il üzrə əks olunmuş göstəricilər ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri kifayət qədər dəqiq əks etdirmir. Belə ki, Azərbaycanda bu sahədə ötən illər ərzində həyata keçirilmiş genişmiqyaslı institusional və qanunvericilik islahatları, elektron hökumət layihəsinin uğurlu icrası, həmçinin “ASAN xidmət”in həm fəaliyyət sahələrinin, həm də coğrafiyasının genişləndirilməsi ölkəmiz üzrə göstəricilərdə əhəmiyyətli irəliləyişi şərtləndirməli idi”.
Baş İdarə rəisinin müavini xüsusi qeyd edib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər daha mötəbər beynəlxalq qurumlar olan Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (GRECO), İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Antikorrupsiya Şəbəkəsi və BMT-nin müvafiq strukturları tərəfindən müsbət qiymətləndirilir. Həmin təşkilatların hesabatlarında Azərbaycana verilmiş tövsiyələrin icra vəziyyətində irəliləyişlərin olması daha dəqiq və peşəkar yanaşma ilə əksini tapıb.