CƏMİYYƏT
Orxan Məhərrəmli: Ekologiya və Təbii Sərvətlər Nazirliyində hüquq və maliyyə sahəsində təcrübəsi olan kadrlara xüsusi ehtiyac var
Bakı, 25 sentyabr, AZƏRTAC
Növbəti aylarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional ekologiya və təbii sərvətlər idarələri üzrə 48, nazirliyin aparatı üzrə isə 56 vakant yer dövlət qulluğu üzrə müsabiqəyə təqdim olunacaq. Hüquq və maliyyə sahəsində təcrübəsi olan kadrlara xüsusi ehtiyac var.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli “Ekspert saatı”nda deyib.
O, həmçinin bildirib: “Qeyri-dövlət qulluğu üzrə vakansiyalar nazirliyin rəsmi internet səhifəsində elana çıxarılır. Eyni zamanda, məşğulluq mərkəzlərinə təqdim edilir. Vakansiyalar olduğu təqdirdə müsahibədə iştirak etmək istəyənlər sənədlərini nazirliyin müvafiq qurumlarına təqdim edə bilərlər. Hazırda elana 5 vakant yer çıxarılıb. Onlardan 4-ü Bioloji Müxtəlifliyin Qorunması Xidmətinə, biri isə Geodeziya və Kartoqrafiya Məhdud Məsuliyyətli Cəmiyyətinə aiddir. Hazırda nazirlikdə texniki biliklərə, mühəndislik bacarıqlarına malik olan işçilərə ehtiyac var”.