ELM VƏ TƏHSİL


Orxan Musa: Azərbaycan Menecment və Turizm Universiteti xarici təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir

Bakı, 19 mart, AZƏRTAC

Azərbaycan Menecment və Turizm Universiteti (ATMU) dünyanın nüfuzlu ali təhsil ocaqları ilə yanaşı, xarici təşkilatlarla əməkdaşlığa da xüsusi önəm verir. Belə ki, 2007-ci ildən başlayaraq ATMU Almaniyanın “Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti” təşkilati ilə əlaqələr qurub. Məhz bu əlaqələr çərçivəsində hər iki qurumun birgə təşkilatçılığı ilə Azərbaycanın turizm potensialının öyrənilməsi və inkişafı ilə bağlı 20-dən çox layihə həyata keçirilib. Sevindirici haldır ki, təşkilat ilə universitetin əməkdaşlığı bu gün də davam etdirilir.

Bunu ATMU-nun beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa AZƏRTAC-a müsahibəsində deyib.

Onun sözlərinə görə, ATMU-nun xarici təşkilatlarla əməkdaşlığında digər önəmli rol oynayan tərəfdaşlardan biri də Almaniyanın Robert Bosh Fondudur. 2012-ci ildə qurulan əlaqələr nəticəsində iki qurum arasında əməkdaşlığa dair müqavilə də imzalanıb. Sənədə əsasən hər il fond ATMU-da alman dili dərslərinin iki semestr müddətində tədrisi üçün Azərbaycana müəllim göndərir.

O.Musa diqqətə çatdırıb ki, 2011-ci ildən etibarən Dünya Turizm Təşkilatının (DTT) üzvü olan ATMU-nun nümayəndələri bu qurumun təşkilatçılığı ilə dünyanın müxtəlif şəhərlərində mütəmadi keçirilən tədbirlərdə iştirak edirlər. Turizm sənayesi sahəsində tanınmış şəxslər ATMU-nun qonağı olur, tələbələr qarşısında mühazirələr oxuyurlar. Xüsusilə bildirmək lazımdır ki, təşkilatın sabiq rəhbəri Taleb Rifai ATMU-nun fəxri doktorudur.

Vurğulanıb ki, Rusiyanın Moskva Turizm və Qonaqpərvərlik İnstitutu, Həştərxan Dövlət Texniki Universiteti, Sankt-Peterburq Dövlət Xidmət və İqtisadiyyat Universiteti, Moskva Dövlət Humanitar Universiteti, Almaniyanın Vilhelmshaven Tətbiqi Elmlər Universiteti, Şimali Kiprin Girne Amerika Universiteti, Şərqi Aralıq dənizi Universiteti, ABŞ-ın Havay Universiteti, İngiltərənin British Council, Dante Alighieri Cəmiyyəti hazırda ATMU-nun əməkdaşlıq etdiyi beynəlxalq qurumlardır. Bununla yanaşı, ATMU Demokratiya üçün Universitetlərin İttifaqı, Universitetlərin Beynəlxalq Assosiasiyası, Xidmət üzrə Rusiya Ali Məktəblərinin Milli Elmi-Tədqiqi Texnoloji Konsorsiumu, İslam Əməkdaşlıq Təşkilatı, Dialoq Avrasiya Platforması və digər önəmli beynəlxalq təşkilatların üzvüdür. O.Musa deyib: “ATMU-nun xarici əlaqələrinin qurulmasında tələbələrin turizm təhsilində vacib rol oynayan praktik tədris məşğələləri xarici ölkələrdə təşkil olunur. 2007-ci ildən etibarən ATMU tələbələri Türkiyə, Kipr, Mərakeş, İsrail, Şri-Lanka, Yunanıstan, Çin və digər ölkələrdə praktik tədris məşğələləri keçirirlər. Hazırda universitet tələbələrinin Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, İsveçrə, İtaliya və Fransada praktik tədris məşğələləri keçmələri üçün müxtəlif danışıqlar aparılır”.

O.Musa bildirib ki, bu gün ATMU beynəlxalq əlaqələrini daha da genişləndirmək üçün ölkəmizdə fəaliyyət göstərən müxtəlif ölkələrin səfirlikləri ilə sıx əməkdaşlıq edir. Universitetin nümayəndələri ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin səfirliklərinin təşkil etdiyi müxtəlif beynəlxalq tədbirlərə qatılır, hökumətimizin xarici dövlətlərlə bağladığı beynəlxalq əməkdaşlıq müqavilələrinin “təhsil sahəsində əməkdaşlıq” bəndini rəhbər tutaraq fəaliyyətini davam etdirir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.