İQTİSADİYYAT
Orxan Musayev: Bu günədək vergi sahəsində ümumilikdə 94 beynəlxalq müqavilə imzalanıb
Bakı, 6 iyul, AZƏRTAC
2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi Baş İdarəsinin yeni strukturu təsdiq edilib. Baş İdarənin tərkibində 4 şöbə fəaliyyət göstərir: Beynəlxalq əlaqələr şöbəsi, Beynəlxalq vergitutma şöbəsi, Beynəlxalq məlumat mübadiləsi və vergi monitorinqi şöbəsi və Transfer qiymətləri və elektron ticarətə nəzarət şöbəsi.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə Xidmətin Beynəlxalq vergitutma və vergi monitorinqi Baş İdarəsinin rəisi Orxan Musayev deyib.
Onun sözlərinə görə, Baş İdarənin əsas fəaliyyət istiqamətlərindən biri beynəlxalq təşkilatlar və xarici vergi administrasiyaları ilə vergi sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın həyata keçirilməsidir: “Dövlət Vergi Xidməti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (İOTA), Fiskal Sənədləşmə üzrə Beynəlxalq Büro (İBFD), Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı, Asiya İnkişaf Bankı və digər beynəlxalq təşkilatlarla vergi sahəsində sıx əməkdaşlıq edir. Qloballaşan iqtisadiyyatda ölkəyə birbaşa investisiyaların cəlb edilməsində ikiqat vergitutmanın aradan qaldırılması sazişlərinin əhəmiyyəti böyükdür. Belə ki, qeyri-rezidentlər ölkəyə investisiya yatırmazdan əvvəl onların həmin ölkədə əldə etdikləri gəlirlərin iki dəfə vergiyə cəlb edilməsini aradan qaldıracaq müvafiq beynəlxalq müqavilələrin mövcudluğuna önəm verirlər. Bu baxımdan, ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişlər üzrə xarici ölkələrin səlahiyyətli orqanları ilə danışıqların aparılması, saziş layihəsinin maddələrinin ölkənin iqtisadi mənafeyinə uyğun qarşı tərəflə tam razılaşdırılması Baş İdarənin əsas prioritetlərindəndir”.
Dövlət Vergi Xidmətinin rəsmisi qeyd edib ki, ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişlərin tətbiqi ilə bağlı müvafiq inzibatçılıq Qaydalarının beynəlxalq normalara və standartlara uyğun olması üçün vaxtaşırı yenilənməsi və aktual qalması vacibdir.
Qaydalara uyğun olaraq edilən bir çox ərizə müraciətlərinə Baş İdarə tərəfindən rəy verilir. Bu günə qədər vergi sahəsində ümumilikdə 94 beynəlxalq müqavilə bağlanıb və onlardan 55-i ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı sazişlərdir. Hazırda ikiqat vergitutma sazişlərinin əhatə dairəsinin genişləndirilməsi üçün Yaponiya, Hindistan, Slovakiya, Portuqaliya və digər ölkələrlə müvafiq müqavilələrin bağlanması istiqamətində işlər görülür.