SİYASƏT
Osloda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib VİDEO





Oslo, 29 may, Rauf Əliyev, AZƏRTAC
Norveçin paytaxtında 28 May - Müstəqillik Günü və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, tədbir Azərbaycanın və Norveçın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə koordinatoru Ramil Əliyev tədbir barədə məlumat verib. Bildirib ki, hazırda bu iki mühüm tarixlə bağlı həm ölkəmizdə, həm də onun xaricində müxtəlif tədbirlər keçirilir.
Azərbaycanın İsveç və eyni zamanda Norveç krallıqlarındakı səfiri Zaur Əhmədov Azərbaycan dövlətçiliyinin tarixi, müxtəlif sahələrdə qət edilən inkişaf yolu və ölkəmizin qarşısında duran məsələlər barəsində ətraflı məlumat verərək, azad olunmuş ərazilər aparılan abadlıq-quruculuq işlərindən bəhs edib.
Azərbaycanın bugünkü uğurlarının mərkəzində Ümummilli Lideri Heydər Əliyevin böyük xidmətlərinin durduğunu, bu böyük şəxsiyyətin xilaskarlıq missiyasını dəfələrlə öz üzərinə götürdüyünü bildirən Zaur Əhmədov Ulu Öndərin həyat yolu barəsində məlumat verib. Diplomat, həm də Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Skandinaviya ölkələrində silsilə tədbirlər barəsində də məlumat verib.
Türkiyənin Norveçdəki səfiri Gülin Dinç xalqımızı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edərək, Ulu Öndər Heydər Əliyevin bir siyasi xadim olaraq, həm ölkəmizin, həm də bütün Türk xalqlarının tarixində tutduğu yer barədə məlumat verib.
Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu çıxış edərək, şeirlərini tədbir iştirakçılarına oxuyub.
Tədbirin bədii hissəsində ölkəmizdən Norveçə səfər edən musiqiçilər Azərbaycan milli mahnılarını ifa ediblər. Sonda, Norveçin paytaxtı Oslo şəhərində Nizami Gəncəvi adına həftəsonu məktəbinin tələbələri milli rəqslərimizi ifa edərək tamaşaçıların böyük marağına səbəb olublar.
Skandinaviya Azərbaycanlıları Norveç üzrə Koordinasiya Şurası və Oslo Azərbaycan Evi tərəfindən Diaspora Komitəsinin dəstəyilə təşkil olunmuş tədbirdə, digər qonaqlarla yanaşı, diplomatlar, Norveçin bir sıra dövlət, hökumət və yerli ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Oslo