CƏMİYYƏT


Oslodakı həftəsonu Azərbaycan məktəbində Müstəqilliyin Bərpası Günündən danışılıb

Bakı, 18 oktyabr, AZƏRTAC

Norveçin paytaxtı Oslo şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbinin növbəti dərsi Azərbaycanın müstəqilliyinin bərpası gününə həsr edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, dərsə onlayn formatda qatılan Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə əlaqələndiricisi Ramil Əliyev, yazıçı Gülzar İbrahimova, Şirvan şəhər Mərkəzi Kitabxanasının böyük metodisti Kəmalə Quliyeva, Yevlax rayon Nizami adına Malbinəsi kənd tam orta məktəbinin ibtidai sinif müəlliməsi İnarə Musayeva və yetirmələri həftəsonu məktəbinin şagird və müəllim heyətini bayram münasibətilə təbrik ediblər. Çıxış edənlər bu günün xalqımızın tarixində önəmindən danışıblar, Vətənimizi, Ana dilimizi sevməyi, öyrənməyi və qorumağı tövsiyə ediblər.

“Azad və müstəqil ölkənin vətəndaşları kimi bu günü Vətəndən uzaqda böyük sevgi və qürur hissi ilə qeyd edirik. Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdik və dünyaya göstərdik ki, Azərbaycan qüdrətli, müstəqil və suveren bir dövlətdir. Böyük Zəfər müstəqilliyimizin dönməz və ədəbi olacağına bariz sübutdur”, - deyə R.Əliyev bildirib.

Sonra şagirdlərin ifasında Azərbaycan şairləri Səməd Vurğunun “Azərbaycan”, Xəlil Rza Ulutürkün “Azadlıq”, Baba Vəziroğlunun “Vətən” şeirləri səsləndirilib, “Azərbaycan” mahnısı təqdim edilib.

Dərs zamanı “Xarıbülbül“ sərgisi nümayiş olunub. Həftəsonu məktəbinin şagirdləri Şanay Şəkarinin, Omar və Altay Əlinin, Səlim Abbaszadənin və Aida Ramberqin “Xarıbülbül” rəsmləri tədbir iştirakçılarının marağına səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.