DÜNYA


Osmanlı valisinin Hindistandan gətirdiyi manqo Misirin əsas meyvəsinə necə çevrildi?

Qahirə, 18 avqust, AZƏRTAC.

Hazırda mövsümü başlayan və Misirin bolluq rəmzi olan manqonun bu ölkədə maraqlı tarixçəsi var.

AZƏRTAC xəbər verir ki, bu meyvəni müasir Qahirənin qurucusu hesab edilən Osmanlı valisi Məhəmməd Əli Paşa 1832-ci ildə Hindistan və Seylondan gətirib və Şubra adlanan ərazidə manqo plantasiyası salınmasını əmr edib. Bu bağların günümüzə gəlib çatan ən qədimi Ayn Şəms Universitetinin ərazisində qalıb. Həmin vaxt cəmi bir neçə növü olan manqo ağaclarının, hazırda Misirin müxtəlif bölgələrində 200-dən çox sortu yetişdirilir. Hindi, Alfons, Teymur, Fas, Avis sortları qiymət, dad və rəng etibarilə fərqlənir. Keyfiyyəti və dadına görə manqo sortlarının qiymətləri 20-60 Misir funtu (2-6 AZN) arasında dəyişir. Zebda (kərə yağı) sortuna aid olan meyvəni isə evdə ilboyu saxlamaq mümkündür və bu səbəbdən misirlilər ona daha çox üstünlük verirlər. Manqonun tərkibində müxtəlif vitaminlər, həmçinin dəmir, sink, fosfor, maqnezium və kalsium var.

Misir manqosu BƏƏ, Avropa İttifaqı ölkələri, Yəmən, Səudiyyə Ərəbistanı, Liviyaya göndərilir. Lakin ildə istehsal olunan 1 milyon 205 min meyvənin cəmi 10 faizi ixracatın payına düşür.

Hazırda davam edən manqo meyvəsinin tədarükü noyabradək davam edəcək. Asuan vilayətində isə ənənəvi manqo festivalı keçiriləcək.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.