İQTİSADİYYAT


Ötən 14 ildə Bakı-Tbilisi-Ceyhan kəməri ilə 3,5 milyard barreldən çox neft daşınıb

Bakı, 2 oktyabr, AZƏRTAC

Xəzər dənizində çıxarılan xam nefti Türkiyədən dünya bazarlarına çatdıran Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinin Ceyhandakı dəniz terminalından 2006-cı ildən bu vaxtadək tankerlərə yüklənən neft həcmləri 3 milyard 522 milyon 209,8 min barrelə çatıb.

AZƏRTAC xəbər verir ki, “Botaş International” (BIL) və BTC-nin məlumatlarına görə, 2006-cı il iyulun 13-də istifadəyə verilən və əsrin enerji layihəsi adlandırılan boru kəmərinin son dayanacağı olan Adananın Ceyhan rayonundakı Heydər Əliyev adına Dəniz Terminalından dünya bazarlarına indiyədək 4595 tanker göndərilib.

Uzunluğu 1776 kilometr olan və 1076 kilometri Türkiyədən keçən BTC ilə daşınaraq Heydər Əliyev adına Dəniz Terminalına çatan xam neft boru kəmərinin Türkiyədəki hissəsini idarə edən “Botaş International” tərəfindən tankerlərə yüklənərək dünya bazarlarına göndərilir.

BTC-nin istifadəyə verildiyi 2006-cı ildə boru kəməri ilə 57 milyon 78,3 min barrel, 2009-cu ildə isə maksimum həcmdə - 287 milyon 607,8 min barrel neft daşınıb.

Keçən il dünya bazarlarına 233 milyon 175,9 min barrel xam neftin daşındığı BTC ilə cari ilin əvvəlindən indiyədək 214 tankerə 161 milyon 961,6 min barrel neft yüklənib.

BTC ilə bu günə qədər daşınmış neft həcmləri isə 3 milyard 522 milyon 209,8 min barreli keçib.

Qeyd edək ki, təxminən 4 milyard dollara başa gələn boru kəmərinin hazırkı ötürücülük gücü gündəlik 1 milyon barrel və ildə 50 milyon tondur. Bölgədə hər biri 1 milyon barrel saxlama qabiliyyətinə malik 7 neft çəni, 51 blok klapan stansiyası, 4 nasos stansiyası və 2 pig stansiyası var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.