SİYASƏT
Ötən 15 ildə Azərbaycanın sosial-mədəni və təsərrüfat infrastrukturu tamamilə yenilənib
Bakı, 12 oktyabr, AZƏRTAC
Son 15 ildə Azərbaycanın sosial-mədəni və təsərrüfat infrastrukturu tamamilə yenilənib. Bu dövrdə 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib, yaxud əsaslı təmir edilib. Yüzlərlə tarixi binada, muzey, teatr və kitabxanada geniş yenidənqurma işləri həyata keçirilib, ölkənin bütün ali təhsil ocaqları, həmçinin AMEA-nın nəzdində olan institut və müəssisələr təmir edilərək yeni avadanlıqla təchiz olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, professor Əli Həsənovun “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” sərlövhəli məqaləsində bildirilir.
Məqalədə diqqətə çatdırılır ki, ötən 15 il ərzində ölkəmizdə 15 min kilometr yol çəkilib, 443 körpü inşa olunub. Bakıda 4 yeni metro stansiyası istifadəyə verilib, bir neçə stansiyada yenidənqurma işləri aparılıb. Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanı – Ələt Dəniz Ticarət Limanı fəaliyyətə başlayıb. Azərbaycanda 7 hava limanı tamamilə yenidən qurularaq istifadəyə verilib. Onlardan altısı (Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ, Zaqatala) beynəlxalq hava limanı statusu alıb. Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın "5 ulduz"lu 9 əsas hava limanı sırasına daxil olub.