CƏMİYYƏT


Ötən 22 ildə YAP Azərbaycanın inkişafı naminə çalışıb

Bakı, 19 noyabr, Samirə Allahverdiyeva, AZƏRTAC

Yeni Azərbaycan Partiyası ötən 22 ildə ümumxalq partiyasına çevrilib, bu müddətdə Azərbaycanın inkişafı naminə çalışıb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər YAP Binəqədi rayon təşkilatında rayon icra hakimiyyəti ilə birgə partiyanın yaranmasının 22-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə səsləndirilib.

YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov tədbirdə partiyanın yaranma tarixindən danışıb. O, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində ölkəmizin əldə etdiyi nailiyyətləri faktlarla diqqətə çatdırıb.

Sədr hazırda YAP Binəqədi rayon təşkilatının 14 mindən çox üzvünün olduğunu söyləyib.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov partiyanın çətin dönəmlərdə yarandığını, həmin dövrdə Azərbaycanın gələcəyini düşünən 91 ziyalının “Səs” qəzetində Ulu Öndərə müraciət etdiyini və bundan sonra Naxçıvanda 550 nümayəndənin iştirakı ilə noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirildiyini bildirib. E.İbrahimov bu gün respublikamızın sürətlə inkişaf etdiyini, Bakının bir hissəsi olan Binəqədi rayonunda böyük quruculuq, abadlıq işlərinin aparıldığını vurğulayıb.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Yeni Azərbaycan Partiyasının ümummilli partiya olduğunu, Azərbaycanın həyatında mühüm rol oynadığını qeyd edib. O, YAP-ın Azərbaycanda siyasi əqidənin əsasını qoyduğunu, təsis olunduqdan sonra bütün siyasi qüvvələri birləşdirdiyini, ölkədə siyasi sabitlik yaratdığını, Azərbaycanı çətin dövrlərdə parçalanmadan xilas etdiyini və ölkəmizin inkişafına misilsiz töhfələr verdiyini qeyd edib.

Binəqədi rayon 126 nömrəli tam orta məktəb ərazi ilk partiya təşkilatı Gənclər Birliyinin sədri Xeyransa Alıyeva YAP-ın gənclərin inkişafındakı rolundan danışıb. O, gənclərə göstərilən diqqət və qayğını qeyd edərək ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin Binəqədi rayonunda uğurla həyata keçirildiyini vurğulayıb.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov YAP-ın Azərbaycanın müasir siyasi tarixində mühüm rolundan danışıb. O, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə əsl vətən, xalq sevgisi göstərdiyini qeyd edib. İcra başçısı Ulu Öndərin hər zaman öz xalqının yanında olduğunu, bu gün onun ideyalarının yaşadığını vurğulayıb.

Sonra YAP Binəqədi rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına fəxri fərmanlar, partiyanın sıralarına keçmiş gənclərə isə vəsiqələri təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.