REGİONLAR


Ötən 7 ayda Naxçıvanda 1088 abonent sabit şəbəkə telefon xətti ilə təmin olunub

Naxçıvan, 3 avqust, AZƏRTAC

Muxtar respublikada telekommunikasiya sahəsinin inkişaf etdirilməsi əhalinin müasir rabitə xidmətləri ilə əhatə olunmasına hərtərəfli şərait yaradıb.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu ilin ötən 7 ayında Şərur rayonunun Çərçiboğan kəndində yeni Rabitə Evi istifadəyə verilib, 672 nömrə tutumlu yeni avtomat telefon stansiyası quraşdırılıb. Əhalinin müasir rabitə xidmətlərinə olan tələbatı nəzərə alınaraq Naxçıvan şəhərinin Qaraçuq kəndində, Şahbuz şəhərində, Babək rayonunun Nehrəm qəsəbəsində və Şıxmahmud kəndində, ümumilikdə, müxtəliftutumlu 4 yeni HUAWEİ NGN tipli avtomat telefon stansiyası quraşdırılıb.

Stasionar telefon şəbəkəsinin genişləndirilməsi məqsədilə həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq muxtar respublika üzrə mövcud avtomat telefon stansiyalarının nömrə tutumları artırılıb, ümumilikdə, 1088 yeni sabit şəbəkə telefon nömrəsi abonentlərin istifadəsinə verilib.

Rabitə infrastrukturunun yenidən qurulması, xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə şəhər, rayon və kəndlərdə müvafiq işlər görülüb. Ordubad rayonunun Pəzməri kəndində rabitə xətt təsərrüfatının və 96 nömrə tutumlu yeni nəsil avtomat telefon stansiyasının quraşdırılması, eləcə də rayonun Unus və Kələki, Şərur rayonunun Həmzəli, Vərməziyar və Axura kəndlərində rabitə xətt təsərrüfatının yenilənməsi istiqamətində müvafiq işlər isə davam etdirilir.

Bununla yanaşı, nazirliyin aid mütəxəssislərinin iştirakı ilə yerlərdə monitorinqlər aparılıb, istismar müddəti ərzində rabitə xətlərində və abunə qurğularında yaranmış nasazlıqlar aradan qaldırılıb, internet verilişində qırılmaların qarşısının alınması istiqamətində zəruri tədbirlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.