CƏMİYYƏT
Ötən altı ayda 59 min 58 gəncə peşə seçimi ilə bağlı məsləhətlər verilib
Bakı, 26 iyul, AZƏRTAC
Əmək bazarında rəqabətə davamlı yüksək ixtisaslı kadrlara artan tələbatı ödəmək məqsədilə orta məktəbdən başlayaraq gənclərin yaradıcı əməyə hazırlanması, eləcə də gənclər arasında peşəyönümü işinin düzgün təşkili xüsusi önəm kəsb edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Xidməti tərəfindən bu istiqamətdə aktiv tədbirlər cari ildə də davam etdirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə, eləcə də rayon (şəhər) məşğulluq mərkəzlərinə müraciət edən işaxtaran gənclərə düzgün peşə seçimi istiqamətində məsləhətlər verilib. Həmçinin pedaqoji kadrların, valideynlərin, idarə və müəssisələrin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin və yuxarı sinif şagirdlərinin iştirakı ilə müşavirələr keçirilib. Bu tədbirlərin nəticəsi olaraq, cari ilin 6 ayında ümumilikdə 59 min 58 nəfərə peşəyönümü məsləhətlərinin verilməsi təmin edilib.
Gənclərin şüurlu yaradıcı əməyə hazırlanmasında, onların düzgün ixtisas seçiminə istiqamətləndirilməsində valideynlərin də böyük rolu var. Bu amil nəzərə alınmaqla valideynlərin də övladlarının gələcək peşə seçimi ilə bağlı peşəyönümü məsləhətlərinə cəlb edilməsi işləri aparılır. Hesabat dövründə Xidmət tərəfindən respublikanın 32 şəhər və rayonunda orta ümumtəhsil məktəblərində valideynlər üçün peşəyönümü məsləhətləri təşkil edilib. Peşəkar psixoloq və peşəyönümü mütəxəssislərinin də cəlb olunduğu tədbirlərdə 500-ə yaxın valideynə övladlarının gələcək peşə seçimi ilə bağlı zəruri tövsiyələr və məsləhətlər verilib.