REGİONLAR
Ötən altı ayda 95 min hektardan artıq torpaq sahəsinin təyinatı dəyişdirilib
Bakı, 27 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən torpaqlardan, əsasən kənd təsərrüfatı təyinatlı torpaqlardan daha səmərəli və məqsədli şəkildə istifadə edilməsi, o cümlədən münbit torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması ilə bağlı genişmiqyaslı tədbirlər görülür, müvafiq tapşırıqlar verilir.
Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) AZƏRTAC-a bildirilib ki, komitə tərəfindən də torpaqların dövlət idarə edilməsi baxımından bu sahədə bir sıra işlər görülür. Belə ki, komitə torpağın təyinatı dəyişdirilməklə onların əkin dövriyyəsinə cəlb olunmasını, torpaqların münbitliyinin qorunması və artırılması üçün kompleks tədbirlərin həyata keçirilməsini təmin edir. Nəticədə belə torpaq sahələri yenidən gəlir mənbəyinə çevrilir. Eyni zamanda, həmin sahələrdə əkin prosesinin aparılması bol məhsul əldə edilməsinə şərait yaradır. Bu isə ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verir.
Statistikaya əsasən, 2017-ci ilin ilk 6 ayı ərzində 32 müraciət üzrə 95 min hektardan artıq torpaq sahəsinin təyinatı dəyişdirilib. Bundan 81 min 739 hektar torpaq sahəsində 19 Aqroparkın yaradılması və 13 min 680 hektar torpaq sahəsində isə 4 iri taxılçılıq təsərrüfatının yaradılması nəzərdə tutulub.
Həyata keçirilən belə tədbirlər aqrar sektorun inkişafına imkan verir. Bu isə istehsal olunan məhsulun artmasına, tələbatın ödənilməsinə, Ümumi Daxili Məhsulun həcmində qeyri-neft sektorunun payının artmasına şərait yaradır. Eyni zamanda, bol məhsulun əldə edilməsi xarici bazarlara çıxış imkanlarını genişləndirir.
Qeyd edək ki, yerli icra hakimiyyəti orqanları ilə birlikdə görülmüş tədbirlər nəticəsində cari ilin 6 ayı üzrə 40 min hektar səmərəsiz istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair bağlanmış icarə müqavilələrinə xitam verilib. Həmin torpaqlar geri qaytarılaraq yenidən səmərəli şəkildə istifadə istiqamətində işlər həyata keçirilir, iri taxılçılıq, pambıqçılıq təsərrüfatlarının yaradılması, meyvə bağlarının salınması və digər kənd təsərrüfatı məqsədləri üçün müvafiq aqrotexniki və meliorativ tədbirlər görülür.
Bundan başqa, kənd təsərrüfatı məqsədi ilə 184 min hektara yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.
Ümumilikdə, respublikada qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişaf etdirilməsi ilə əlaqədar aidiyyəti mərkəzi və yerli icra hakimiyyətləri orqanları ilə birlikdə 166 min hektar torpaq sahəsinin kateqoriyası dəyişdirilib. Həmin torpaq sahələri Aqroparkların və iri təsərrüfatların yaradılması məqsədi ilə investorların istifadəsinə verilib. Həmçinin yerli icra hakimiyyəti orqanları ilə birlikdə görülmüş tədbirlər nəticəsində indiyədək 240 min hektar səmərəsiz istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi geri qaytarılıb və əkin dövriyyəsinə cəlb olunması üçün zəmin yaradılıb.
“Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanına əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yerlərdə maarifləndirmə tədbirləri keçirilir. Məqsəd torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyini artırmaq, görülən işləri təkmilləşdirmək, torpaqların təyinatı üzrə istifadəsinin təşkilində komitənin fəaliyyətini dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslərlə əlaqələndirmək, onların hüquq və vəzifələrini izah etmək, bu barədə ictimaiyyəti məlumatlandırmaqdır.
Artıq respublikanın Qazax, Ağdaş, Oğuz, Şamaxı, Salyan, Cəlilabad rayonlarında maarifləndirmə tədbirləri təşkil olunub. Quba və Abşeron rayonlarında da yaxın vaxtlarda belə tədbirlərin keçirilməsi planlaşdırılır.