CƏMİYYƏT


Ötən ay 29 nəfərin dəm qazından zəhərlənməsi barədə Kliniki Tibbi Mərkəzə müraciət edilib

Bakı, 2 dekabr, AZƏRTAC

Noyabrda dəm qazından zəhərlənmə ilə əlaqədar Bakı şəhər Kliniki Tibbi Mərkəzə 29 müraciət daxil olub, onlardan 24 nəfəri xəstəxanaya qəbul edilib və ilkin yardım göstərilərək evə yazılıb. Zərərçəkənlərdən 4-ü azyaşlı uşaq olub.

Bu barədə Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov AZƏRTAC-a məlumat verib.

Dəm qazı yanacaq məhsullarının xaric olması üçün yer olmadıqda və ya həmin yer tutulmuş olduqda əmələ gəlir. Tənəffüs zamanı karbon monoksid qana daxil olur və nəticədə başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma kimi əlamətlər meydana çıxır. Daha ağır zəhərlənmə zamanı isə qıcolmalar, huşun uzun müddət itirilməsi, beyin ödəmi və ürəyin zədələnməsi halları baş verə bilər.

Hər kəs zəhərlənmə zamanı zərərçəkənə ilkin tibbi yardım göstərməyin nədən ibarət olduğunu bilməlidir. Toksikologiya şöbəsinin baş həkiminin verdiyi məlumata görə, belə halda göstərilən düzgün ilkin tibbi yardım zəhərlənənin həyatını xilas edə bilər: “Dəm qazı ilə zəhərlənmə hadisəsi baş verəndə zərərçəkənin huşu özündədirsə, tez onu təmiz havaya çıxarmaq, isti içki vermək və təcili yardıma zəng edərək mütəxəssis dəvət etmək lazımdır. Huşu özündə olmayanların isə dərhal qapalı mühitdən çıxarılmasından sonra mümkünsə nəfəs yollarını açmaq üçün ağız boşluğundakı seliyi təmizləmək və mütləq təcili tibbi yardıma xəbər etmək lazımdır”.

Toksikoloq onu da deyib ki, zərərçəkənin alnına, sinəsinə soyuq islatma qoymaq, ürək nahiyəsini masaj etmək və lazım gələrsə, süni tənəffüs vermək də vacibdir. Belə xəstələr nə qədər gec həkimə çatdırılırsa, o qədər də çox fəsad baş verir. Fəsadlaşma isə əsasən beyinin funksiyalarının pozulması ilə əlaqədar olur, çünki 13-20 dəqiqədən sonra beyin hipoksiya, yəni oksigen çatışmazlığına dözümsüzlük və digər fəsadlar başlayır. Həmin əlamətlər əsasən azyaşlılar və yaşlılara aiddir.

Dəm qazı standartlara uyğun olmayan qaz cihazlarının istifadəsi, həmçinin işlək vəziyyətdə olmayan ventilyasiya sistemi və tüstü bacalarının vaxtında təmizlənməməsi səbəbindən yaranır. Ona görə də yalnız təhlükəsizlik tələblərinə cavab verən qaz cihazlarından istifadə etmək, havalandırma sisteminin saz vəziyyətinə əmin olmalı və tez-tez otağın havası dəyişdirilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.