DÜNYA


Ötən ay Aİ-də yeni avtomobillərin satışı ən çox İtaliyada azalıb

Roma, 18 oktyabr, AZƏRTAC

Sentyabrda Avropa İttifaqına (Aİ) üzv ölkələrdə yeni avtomobillərin satışı ötən ilin eyni ayına nisbətən 23,1 faiz azalıb. Ay ərzində qitə ölkələrində avtomobil satışlarının ən çox azaldığı ölkə isə İtaliya olub.

AZƏRTAC xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Birliyinin (ACEA) məlumatına görə, keçən ay Aİ-də yeni avtomobillərin satışı əvvəlki ilin sentyabr ayına nisbətən 23,1 faiz azalaraq 718 min 598 ədəd təşkil edib. Belə ki, 2020-ci ilin sentyabrında 934 min 39 ədəd yeni avtomobil satılmışdı.

Aİ ölkələrindən İtaliyada avtomobil satışları 32,7 faiz, Almaniyada 25,7 faiz, Fransada 20,5 faiz və İspaniyada 15,7 faiz azalıb. İttifaqa üzv 27 ölkə arasında sentyabr ayında ən çox yeni avtomobil isə Almaniyada satılıb. Belə ki, ötən ay Almaniyada 196 min 972, Fransada 133 min 830, İtaliyada 105 min 175 və İspaniyada 59 min 641 yeni avtomobil qeydiyyata alınıb

“Volkswagen Group” sentyabrda 156 min 228 ədəd olmaqla Aİ-də ən çox yeni avtomobil satan konsern olub. Sonrakı yerlərdə “Peugeot”, “Fiat”, “Citroen” və “Opel” kimi markaların daxil olduğu “Stellantis Group” (148 min 283 avtomobil) və “Renault Group” (86 min 159 avtomobil) qərarlaşıb.

Xatırladaq ki, Aİ-də avtomobil satışları avqust ayında 19 faiz azalmışdı.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.