İQTİSADİYYAT
Ötən ay “Bakubus” avtobuslarında unudulan əşyalar sahiblərinə təhvil verilib
Bakı, 10 yanvar, AZƏRTAC
Dekabrda “BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 7 çanta, 4 pulqabı və mobil telefon, 1 sənədqabı, çamadan və jurnal sahiblərinə təhvil verilib.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, eyni zamanda, dekabrda avtobuslarda tapılan 6 tələbə bileti, 4 şəxsiyyət vəsiqəsi və 2 iş kartı sahiblərinə çatdırılması üçün “Poçtap” xidmətinə təqdim olunub. Həmçinin 9 müxtəlif kart, 3 açar və çətir, 2 pulqabı və mobil telefon, 1 çanta və eynək üçün çərçivə, 1 yaxa sancağı və göndəriş Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verilib.
Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər əşyalar isə “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus” MMC-dən təhvil ala bilərlər.
Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və əşyaların “BakuBus” MMC-yə daxil olub-olmaması barədə “www.alo141.az” saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən və tapılan əşyalar” bölməsində yerləşdirilir.
“BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.