Ötən ay Dövlət Miqrasiya Xidmətinə 7208 əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib
AzerTAg.az
Bakı, 15 fevral, AZƏRTAC
Dövlət Miqrasiya Xidməti (DMX) 2021-ci ilin yanvar ayı üzrə statistik məlumatları açıqlayıb.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, yanvar ayı ərzində Xidmətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 7208 müraciət daxil olub. Müraciətlərin hər biri qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Həmin dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 4125 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.
Bundan başqa, Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən 372 qərar qəbul edilib.
Yanvar ayında DMX-nin “Çağrı mərkəzi”nə 8278 zəng daxil olub.

Xəbərin mətnində orfoqrafik səhv var