CƏMİYYƏT
Ötən ay Dövlət Miqrasiya Xidmətinə 9254 əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib
Bakı, 16 may, AZƏRTAC
Dövlət Miqrasiya Xidməti (DMX) aprel ayı üzrə statistik məlumatları açıqlayıb.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, apreldə Xidmətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 9254 müraciət daxil olub. Müraciətlərin hər biri qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Müvafiq dövr ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 8045 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.
Bundan başqa, Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı DMX tərəfindən 633 qərar qəbul olunub.