REGİONLAR
Ötən ay Naxçıvanda 23 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb
Naxçıvan, 14 mart, AZƏRTAC
Bu ilin fevral ayında Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə monitorinq və yoxlamalar aparılıb.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yoxlamalar zamanı əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar olunması, xarici valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi, işəgötürənlə işçilər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət və digər bu kimi operativ vergi nəzarətinin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 23 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.
Operativ vergi nəzarəti tədbirləri zamanı 12 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması müəyyən edilib. Həmçinin 11 şəxsin vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.