REGİONLAR
Ötən ay Naxçıvanda 848 yeni abonent sürətli internetlə təmin edilib
Naxçıvan, 14 fevral, AZƏRTAC
Ötən ay muxtar respublika ərazisində genişzolaqlı ADSL texnologiyası vasitəsilə 848 yeni abunəçi internetlə təmin edilib.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlər 2018-ci ilin yanvar ayında da uğurla davam etdirilib. Culfa rayonunun Dizə kəndində 384 nömrəlik avtomat telefon stansiyası yeni tikilən kənd mərkəzinə köçürülüb, Şərur rayonunun Ərəbyengicə kəndində 288 nömrəlik NGN tipli yeni avtomat telefon stansiyası qurulub. Mövcud avtomat telefon stansiyalarının nömrə tutumlarının artırılması nəticəsində 211 ədəd yeni telefon nömrəsi istismara verilib. Həmçinin Şərur rayonunun Ərəbyengicə kəndində yeni poçt bölməsi yaradılıb, Culfa rayonunun Dizə kəndində poçt bölməsi yeni binaya köçürülüb, işçi kompüterlər “Naxçıvanpoçt”un şəbəkəsinə qoşulub və digər lazımi avadanlıqlarla təmin olunub.
Bu dövrdə, kompüter kurslarına 46 dinləyici qəbul edilib. Naxçıvan Muxtar Respublikasının elektron hökumət portalında yenilənmə işləri aparılıb, “Naxçıvan İslam Mədəniyyəti – 2018” internet səhifəsi qlobal şəbəkəyə inteqrasiya edilib.