REGİONLAR
Ötən ay muxtar respublikada 117 nəfərə əmək pensiyası təyin olunub
Naxçıvan, 9 iyun, AZƏRTAC
Ötən ay Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya hüququ yaranmış 117 vətəndaşa qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək pensiyası təyin olunub. Bunlardan 91-i yaşa, 5-i əlilliyə, 21-i isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlardır.
Fonddan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən ay ərzindən əmək pensiyaçılarına pensiya ödənişinin maliyyələşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilib. Bu məqsədlə tələb olunan vəsait pensiyaçıların plastik bankomat kart hesablarına köçürülüb, yerlərdə isə poçt bölmələri vasitəsilə ödənilib. Eyni zamanda, əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsi də diqqət mərkəzində saxlanılıb, həmin şəxslərə müvafiq məbləğdə vəsait ödənilib.
Eyni zamanda, əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunması diqqətdə saxlanılıb. Belə ki, işəgötürənlər tərəfindən yeni əmək fəaliyyətinə başlayanlara sosial sığorta şəhadətnamələrinin hazırlanması üçün 120 ərizə forması elektron imza vasitəsilə sifariş verilib.
Ötən ay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq 17 nəfər 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi iştirakçılarının hər birinə 1500, 589 nəfər İkinci Dünya müharibəsində həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş və sərəncamda nəzərdə tutulmuş digər şəxslərin hər birinə isə 750 manat məbləğində birdəfəlik maddi yardımın həmin şəxslərin bank hesablarına köçürülməsi təmin olunub.