REGİONLAR
Ötən ay muxtar respublikada 497 daşınmaz əmlak qeydiyyata alınıb
Naxçıvan, 13 fevral, AZƏRTAC
Yanvar ayında muxtar respublikada 497 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb, 382 texniki sənəd hazırlanıb, yeni yaranmış 56 daşınmaz əmlak obyektinə ünvan verilib.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, komitə tərəfindən muxtar respublikada daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması zamanı vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi yanvar ayında da diqqətdə saxlanılıb.
Muxtar respublikanın iqlim şəraitinə uyğun və yüksək məhsuldarlığa malik yerli meyvə-tərəvəz sortlarının bərpası və tətbiq olunması, əkin atlaslarına uyğun meyvə-tərəvəz əkinlərinin aparılması məqsədilə Şərur rayonunun Kürkəndində maarifləndirici tədbir keçirilib, Kürkənd, Kürçülü, Sərxanlı, Qışlaqabbas, Püsyan və Qorçulu bələdiyyələrinin yeni hazırlanmış torpaqların qida maddələri ilə təminolunma kartoqramları tədbir iştirakçılarına təqdim edilib.
Şərur rayonunun Dərəkənd və Qarxun, Babək rayonunun Nehrəm kəndlərində daşınmaz əmlak obyektlərinin plana alınması başa çatdırılıb, ay ərzində 1576 daşınmaz əmlak obyekti plana alınıb. Naxçıvan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil olan Əliabad bələdiyyəsinin mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron kadastr xəritəsi hazırlanıb. Babək rayonunun Şıxmahmud, Xəlilli, Aşağı Uzunoba, Yuxarı Uzunoba, Nəzərabad və Didivar kəndlərində torpaqlardan istifadəyə və onların mühafizəsinə dair monitorinqlər aparılıb, torpaqlardan qanunsuz istifadə ilə bağlı 50 fakt aşkarlanıb. Aşkar olunan faktlardan 47-si aradan qaldırılıb, 3 vətəndaşa xəbərdarlıq olunub.
Naxçıvan şəhərində daşınmaz əmlak obyektlərinin ünvanlarının dəqiqləşdirilməsi davam etdirilib, ay ərzində 10 küçədə ünvan lövhələrinin və giriş nömrə nişanlarının quraşdırılması başa çatdırılıb. Komitənin səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 9 yaşayış məntəqəsində 109 vətəndaşın müraciətinə baxılıb.