REGİONLAR
Ötən beş ayda Salyanda süni mayalanma yolu ilə 655 baş buzov alınıb
Salyan, 4 iyun, Mahir Babayev, AZƏRTAC
Salyanda aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində, heyvandarlıq məhsulları istehsalının və mal-qaranın baş sayının artmasına səbəb olur.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüzlərlə baş ətlik və südlük istiqamətli düyələr gətirilib, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilib. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu üsuldan geniş istifadə etməyə marağı daha da artırıb.
Rayon Statistika İdarəsinin rəisi Elnur Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda Salyanda 12 süni mayalama məntəqəsi fəaliyyət göstərir və bu ilin ötən ayları ərzində mütəxəssislər tərəfindən elit törədici toxumlar ilə mayalanma aparılmış 1589 baş inək və düyədən 655 baş buzov alınıb. Doğulan buzovlara görə maldara, ümumilikdə, 65 min 500 manat subsidiya ödənilib.
Hazırda Salyanın heyvandarlıq təsərrüfatlarında 63 min 89 başdan çox iribuynuzlu mal-qara saxlanılır ki, bunların da əksəriyyəti süni mayalanma yol ilə cinsi yaxşılaşdırılmış heyvanlardır.