SİYASƏT
Ötən bir ildə ölkəmizdə uğurların əldə edilməsində siyasi sabitlik amili mühüm rol oynayıb
Bakı, 10 aprel, AZƏRTAC
Aprelin 10-da YAP Qaradağ rayon təşkilatı rayon icra hakimiyyəti ilə birlikdə Azərbaycan Prezidenti İlham Əliyevin prezident seçilməsinin 1 illiyinə və ölkədə aparılan sosial, iqtisadi, siyasi islahatlara həsr olunmuş “Sosial tərəqqi və davamlı inkişaf” mövzusunda dəyirmi masa keçirib. Bu barədə AZƏRTAC-a Qaradağ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək deyib ki, Prezident İlham Əliyevin sosial-iqtisadi sahədə həyata keçirdiyi davamlı islahatlar ötən bir ildə də sistemli və ardıcıl olub. Sosial mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva edir. Dövlətin vətəndaşların həyati tələbatlarının ödənilməsinə göstərdiyi qayğı özünü bilavasitə sosial təminat sistemində büruzə verir. İcra başçısı ötən bir il ərzində ölkəmizdə digər sahələrdə də əldə olunan uğurlardan danışıb.
YAP Qaradağ rayon təşkilatının sədri, deputat Aydın Hüseynov Azərbaycanın regionda, eləcə də dünyada əsas söz sahibinə çevrildiyini bildirib. O, həyata keçirilən islahatların uğurlu nəticələrini konkret faktlarla diqqətə çatdırıb. Bildirib ki, dövlət başçısının sosial-iqtisadi siyasətinin əsasında dayanan prinsiplərdən biri də respublikanın ümumi inkişafı şəraitində sosial cəhətdən həssas qruplardan olan insanların etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmasıdır. Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahatlar nüfuzlu reytinq təşkilatları tərəfindən də təsdiq olunur. Fransanın “Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusu bunu bir daha sübut edir.
Deputat Tahir Mirkişili çıxışında qeyd edib ki, cari ildə dövlət büdcəsində sosial sahəyə ayrılan vəsaitlərin həcmi bütövlükdə artıb, əhalinin rifah halının yaxşılaşmasına xidmət edən tədbirlərin davam etdirilməsi nəzərdə tutulub. Sosial müdafiə sistemində yeni institut formalaşıb. Bütövlükdə, dövlət büdcəsindən sosial məqsədlərə 8 milyard 265,8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Prezident İlham Əliyev sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində insan və vətəndaş mənafeyinə xidmət edən islahatların dərinləşdirilməsini də vacib sayır.
Tədbirdə çıxış edən 3 saylı Texnoloji Nəqliyyat Departamentinin rəisi Nəriman Qurbanov, SOCAR Təlim-Tədris Sertifikatlaşdırma İdarəsi Qobustan Regional Mərkəzinin direktoru Nəzakət Məmmədova ötən bir ildə əldə edilən uğurların təməlində siyasi sabitlik amilinin durduğunu bildiriblər.
Gənc fəallar Seyidməmməd Məmmədzadə, Könül Əhmədova Prezident İlham Əliyevin gənclər siyasətindən danışıblar. Onlar Azərbaycanda idarəetmə strukturlarında gənclərə yüksək etimadın göstərilməsinin bu siyasətin parlaq nümunəsi olduğunu qeyd ediblər.