REGİONLAR
Ötən doqquz ayda muxtar respublikada 4 mindən çox daşınmaz əmlak qeydiyyata alınıb
Naxçıvan, 8 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında muxtar respublika üzrə 4030 daşınmaz əmlak obyekti qeydiyyata alınıb, yeni yaranan 494 daşınmaz əmlak obyektinə ünvan verilib. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 69 yaşayış məntəqəsində 579 vətəndaşın müraciətinə baxılıb.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan şəhəri və ətraf yaşayış məntəqələrində, Şərur rayonunun Düdəngə, Zeyvə, Danyeri, Tənənəm, Xələc, Ələkli, Arbatan, Cəlilkənd, Sərxanlı, Dəmirçi, Axura, Dizə, Həmzəli, Muğancıq-Müslüm, Oğlanqala və Aşağı Yaycı, Babək rayonunun Zeynəddin və Araz kəndlərində daşınmaz əmlak obyektlərinin plana alınması başa çatdırılıb. Ümumilikdə, cari ilin 9 ayı ərzində 14 min 237 daşınmaz əmlak obyekti plana alınıb.
Həmçinin Şərur rayonu üzrə 10, Babək rayonu üzrə 27, Culfa rayonu üzrə 2 bələdiyyənin sərhəd xəritələri və müvafiq yerquruluşu sənədləri, Şahbuz və Sədərək rayonları üzrə bütün bələdiyyələrin mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron kadastr xəritələri hazırlanıb.