CƏMİYYƏT


Ötən dövrdə DOST mərkəzlərinə 250-dək könüllü cəlb olunub

Bakı, 10 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin 2019-cu il dekabrın 30-da imzaladığı Sərəncamla 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi ölkəmizdə könüllülük fəaliyyətinin ümummilli hərəkat kimi daha geniş miqyas almasına təkan verir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) də “Könüllü DOST” proqramı ilə könüllülük hərəkatının genişlənməsində mühüm rol oynayır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən ilin mayında DOST Agentliyinin Yasamal və Səbail rayonunun sakinlərinə xidmət göstərmək üçün 1 saylı Bakı DOST mərkəzi və dekabrda Xəzər və Pirallahı rayonları sakinlərinə xidmət göstərmək üçün 2 saylı Bakı DOST mərkəzi açılıb. DOST Agentliyi tərəfindən “Könüllü DOST” proqramı üzrə 3 altproqram “Gənc DOST”, “Gümüşü DOST” və “Virtual DOST” altproqramları icra olunur.

Könüllülük fəaliyyətinə, o cümlədən DOST mərkəzlərində könüllü fəaliyyətə olan böyük marağın göstəricisi kimi, “Könüllü DOST” proqramına indiyədək 6 min 900-dək müraciət olunub və ötən dövrdə bu proqram üzrə 250-dək könüllü DOST mərkəzlərinə cəlb edilib.

Könüllülər DOST mərkəzlərində dövlət sosial xidmətlərinin “bir pəncərə”dən vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsi işlərinə öz töhfələrini verir.

“Gənc DOST” proqramı üzrə çalışan könüllü gənclərlə bərabər, 60-75 yaşlarında bir qrup pensiyaçı da “Gümüşü DOST” proqramı əsasında könüllülər komandasında çalışır. Həmçinin bir qrup sağlamlıq imkanları məhdud gənc DOST könüllüləri sırasına qoşulub.

DOST könüllüləri üçün ilk növbədə təlimlər təşkil olunub, onlara müəyyən zəruri bilik və bacarıqlar aşılanıb. Mərkəzlərdə vətəndaşların qarşılanması, xidmət pəncərələrinə yönləndirilməsi, insan axınının, növbələrin idarə edilməsi, vətəndaşların məlumatlandırılması, onların elektron sistemlərdən istifadəsində, müxtəlif anket, forma və s. doldurmalarında, xidmət üzrə sənədlərin siyahısı ilə vətəndaşların tanış edilməsində, əlilliyi olanların xüsusi diqqət və qayğı ilə qarşılanaraq onların xidmətlərdən yararlanmalarında, rəy sorğularının keçirilməsində və bir sıra başqa işlərdə kömək göstərirlər.

“Könüllü DOST” proqramı məzunlarından 17 nəfəri 1 saylı Bakı DOST mərkəzinin əməkdaşları kimi fəaliyyətlərini davam etdirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.