CƏMİYYƏT
Ötən gün respublika ərazisində 292 toy şənliyinin monitorinqi aparılıb, 132 nəfər cərimələnib
Bakı, 26 iyul, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri iyulun 25-də Bakı şəhərində və respublikanın digər ərazilərində 292 toy şənliyinin monitorinqini həyata keçiriblər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinq 204 şadlıq sarayında və 88 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsi zamanı xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi açılıb. Həmçinin 132 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. Bundan başqa, 6 nəfər barəsində materiallar baxılması üçün məhkəməyə göndərilib. COVID-19 pasportu olmadığına görə 2345 nəfər şənliyə buraxılmayıb.