İQTİSADİYYAT
Ötən həftə ərzində avtomobil yollarında görülən işlər açıqlanıb
Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən son həftə ərzində respublika ərazisində həyata keçirilən işlərlə bağlı məlumat açıqlanıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həftə ərzində paytaxtda Alı Mustafayev küçəsinin yan yolları təmir edilib, Toğanalı-Kəlbəcər avtomobil yolu qar və buzdan təmizlənib.
Qeyd olunub ki, Kürdəmirdə 2 kəndi birləşdirən yolun yenidən qurulması işləri artıq yekunlaşır, “Keşikçidağ” qoruğuna gedən yeni avtomobil yolunun inşası isə davam etdirilir.
Bundan başqa, sözügedən müddətdə Basqal-Sulut avtomobil yolunun inşası ilə rahat gediş-gəliş təmin edilib, paytaxtda Ə.Salamzadə küçəsində yerləşən yol ötürücüsündə təmir işləri aparılacaq və həmçinin Xızı rayonunun Qarabulaq avtomobil yolu yenidən qurulur.