İQTİSADİYYAT
Ötən il 237 mindən çox daşınmaz əmlak qeydiyyata alınıb
Bakı, 5 fevral, AZƏRTAC
Daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaş məmnunluğunun təmin edilməsi, əhalinin göstərilən xidmətlərdən daha rahat və çevik qaydada faydalanması, prosedurların sadələşdirilməsi, xidmətlərin keyfiyyətinin artırılması üçün müasir yanaşmaların tətbiqi əsas məqsədlərdəndir.
Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlərin reallaşdırılması istiqamətində işlər davam etdirilir. 2020-ci il ərzində 237 min 450 daşınmaz əmlakın qeydiyyatı aparılıb. Bunun 63 min 247-si (26,6 faizi) ilkin, 174 min 203-ü (73,4 faizi) isə təkrar qeydiyyatın payına düşür. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 35 min 775-i fərdi yaşayış və bağ evi, 74 min 533-ü mənzil, 118 min 534-ü torpaq sahəsi, 2 min 543-ü qeyri-yaşayış binası, 5 min 368-i qeyri-yaşayış sahəsi, 637-si əmlak kompleksi, 59-u çoxmərtəbəli yaşayış binası, biri isə çoxillik əmlakdır. İlkin qeydiyyatın 36 min 682-si Bakı şəhərinin, 26 min 565-i isə regionların payına düşür.
Ötən il 34 min 61 mənzil üzərində mülkiyyət hüququ ilkin dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə üzərində hüquqların ilkin olaraq qeydiyyata alındığı mənzillərin sayı 7,8 faiz artıb.
Keçən il 199 min 637 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bundan başqa, hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair 262 min 939 arayış (Forma-1) verilib. 2020-ci il ərzində 32 min 693 ipoteka müqaviləsi qeydiyyata alınıb.
Qeyd edək ki, vətəndaşların daha rahat şəkildə mülkiyyət hüquqlarını rəsmiləşdirməsi üçün səyyar qeydiyyat kampaniyaları keçirilib və birbaşa ünvanlarda qeydiyyat xidmətləri göstərilib. Ötən il ərzində 27 bu cür səyyar qeydiyyat kampaniyası təşkil edilib.