CƏMİYYƏT


Ötən il 25 məhkum öz ölkələrinə təhvil verilib

Bakı, 25 yanvar, AZƏRTAC 

Xaricdə olan şəxslər Azərbaycanda olan mülki məsələlərlə bağlı Ədliyyə Nazirliyinin beynəlxalq əməkdaşlığı çərçivəsində sənəd əldə edə bilirlər. Xaricdə olan şəxslərin Azərbaycanda doğulması, pensiya, əmək, əmlak, aliment və sair məlumatlar ala bilməsi mümkündür. Əməkdaşlıq çərçivəsində cinayət sahəsində də müəyyən mübadilələr aparılır. Buraya xaricdə törədilən cinayət işləri üzrə Azərbaycanda hansısa şahidin dindirilməsi, müvafiq sənədlərin əldə edilməsi və sair məsələlər daxildir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov deyib.

Adil Əbilov bildirib ki, məhkumların verilməsi və ekstradisiya sahəsində tərəfdaşlarla məsləhətləşmələrdən sonra proseslərin elektron sənəd dövriyyəsi ilə həyata keçirilməsi məsələsi həll olunub. Ötən il beş məhkum Azərbaycana gətirilib, 25 xarici məhkum isə öz ölkələrinə təhvil verilib. İndiyədək sərhədlər bağlı olduğu üçün ekstradisiyaya görə problemlər yaranmışdı. Çünki orijinal məhkəmə sənədləri daxil olmalı idi. Buna görə bir sıra tərəfdaşlarla məsləhətləşmələr aparılıb, elektron sənədlərin icraya götürülməsi xahiş edilib. Bunun nəticəsində ötən il xarici ölkələrdən Azərbaycana yeddi nəfər, altı xarici vətəndaş isə respublikamızdan digər dövlətlərə ekstradisiya edilib.

İdarə rəisi qeyd edib ki, ekstradisiya və məhkumların verilməsi bəzən eyni hesab edilsə də, bunlar fərqli anlayışlardır. Ekstradisiya o deməkdir ki, şəxs cinayət törədib başqa ölkəyə qaçıbsa, getdiyi ölkə müəyyənləşdirilir, orada həbs olunaraq Azərbaycana təhvil verilir. Məhkumun verilməsi zamanı isə hansısa azərbaycanlı başqa ölkədə məhkum olunubsa, o, müraciət edib vətəndaşlığı olan ölkədə cəzasını çəkmək istədiyini bildirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.