CƏMİYYƏT


Ötən il 461 nəfər əlilliyi olan şəxs münasib işlə təmin edilib

Bakı, 31 yanvar, AZƏRTAC

Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi və məşğulluğunun təminatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi aktiv məşğulluq tədbirlərinin əsas istiqamətlərindən biridir. Bu sahədə aparılan işlərin davamı olaraq, 2017-ci ildə nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 461 nəfər əlilliyi olan şəxs münasib işlərlə təmin edilib. Onlardan bir hissəsinin Nazirlər Kabinetinin “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası” əsasında müəssisələrdə kvota üzrə ayrılmış iş yerlərində işlə təminatı həyata keçirilib. Həmçinin ödənişli ictimai işlərə cəlb olunan vətəndaşlardan 45 nəfərini əlilliyi olan şəxslər təşkil edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, özünüməşğulluq proqramının icrası çərçivəsində ötən il 1172 nəfər işsiz və işaxtaran şəxsə aktivlər (mal və materiallar) verilməklə onların kiçik ailə təsərrüfatları yaradılıb və onlardan 60 nəfəri əlilliyi olan şəxslər olub.

Həmin sosial təbəqədən olanların məşğulluq imkanlarının artırılması və əmək bazarına çıxışının asanlaşdırılmasında onların peşə reabilitasiyası xüsusi əhəmiyyətə malikdir. Bu məqsədlə son bir ildə Nazirliyin xətti ilə 432 nəfər əlilliyi olan şəxs peşə hazırlığına cəlb olunub. Onlardan 82 nəfəri üçün Xidmət tərəfindən əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib.

Digər 350 nəfərin isə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 nömrəli sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə hazırlığı həyata keçirilib. Ölkəmizin müxtəlif bölgələrindən mərkəzə peşə hazırlığına qəbul olunmuş gənclər burada peşə təlimində olduqları müddətdə dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunub və cəmiyyətə fəal şəkildə inteqrasiya olunmaq üçün müxtəlif reabilitasiya tədbirlərinə cəlb ediliblər. Burada kursları başa çatdıranlara peşə sertifikatları verilib, yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması üçün müvafiq işlər görülüb.

Xatırladaq ki, keçən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 47,9 min nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib, Dövlət Məşğulluq Xidməti və Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 3910 nəfər şəxs üçün peşə hazırlığı kursları təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.