CƏMİYYƏT


Ötən il ATU-nun klinikasının nefrologiya şöbəsinə 247 nəfər müraciət edib

Bakı, 17 yanvar, AZƏRTAC 

Yanvarın 17-də Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında nefrologiya şöbəsinin illik hesabatı dinlənilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbiri açan klinikanın direktoru Samir Allahverdiyev əvvəlcə kafedra işçilərinin növbələrə cəlb edilməsi, indiyədək klinikada fəaliyyət göstərən bir qrup rezidentin başqa xəstəxanalara rotasiya edilməsi məsələlərinə toxunub. S.Allahverdiyev, eyni zamanda, tibb işçilərini daha məsuliyyətli olmağa çağıraraq daxili intizam qaydalarına ciddi riayət etməyə səsləyib. Direktor gələcəkdə klinikanın maddi imkanları çərçivəsində tibbi avadanlıqların yenilənməsinin də nəzərdə tutulduğunu deyib.

Bundan sonra nefrologiya şöbəsinin müdiri, dosent İradə Məmmədova ötən il üzrə hesabat məruzəsi ilə çıxış edib. Şöbədə çalışan professor-müəllim heyəti haqqında qısa məlumat verən şöbə müdiri statistik rəqəmləri diqqətə çatdırıb. O, bildirib ki, ötən il şöbəyə 247 xəstə daxil olub. Onlardan 195 nəfəri stasionar, 52 nəfəri isə gündüz müalicəsinə cəlb edilib. Müraciət edən xəstələrin minimal yaş həddi 20, maksimal yaş həddi 80 və orta yaş həddi 53-ə bərabər olub.

Bildirilib ki, hesabat dövründə şöbədə digər xəstəliklərdən – Behçet xəstəliyi, HELPP sindromu, çoxsaylı mieloma, xronik pankreatit, revmatoid artrit, ürəyin işemik xəstəliyi, bronxopnevmoniya, qaraciyər sirrozu, mədə və onikibarmaq bağırsaq xorasından əziyyət çəkən pasiyentlərə də nefroloji xidmətlər göstərilib.

Hesabat iclasında Səhiyyə Nazirliyinin baş nefroloqu, professor Mehman Ağayev, revmatologiya şöbəsinin müdiri, professor Sahib Musayev, pulmonologiya şöbəsinin müdiri Günel Sadıqova və endokrinologiya şöbəsinin müdiri Könül İsmayılova da çıxış edərək klinikada nefroloji xidmət səviyyəsinin qənaətbəxş olduğunu söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.