REGİONLAR
Ötən il Ağcabədinin idman həyatında uğurlu olub
Ağcabədi, 27 yanvar, AZƏRTAC
2021-ci ildə Ağcabədi rayon idmançıları Avrasiya, Avropa çempionatı və birinciliklərində, respublika və zona yarışlarında ümumilikdə 65 ədəd medal və diploma layiq görülüblər. Bunların 31-i birinci, 15-i ikinci, 19-u üçüncü yerlərdir. Medalların 3-ü Avropa çempionatı və birinciliyində, 1-i Avrasiya çempionatında, 20-si Azərbaycan çempionatında, 41-i isə ölkə daxili müxtəlif turnirlərdə və zona birinciliklərində qazanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Ağcabədidə keçirilən 2021-ci ildə idman sahəsində əldə olunmuş nəticələrin təhlili və qarşıda duran vəzifələrə həsr olunmuş idmançılarla və məşqçi-müəllimlərlə görüşdə məlumat verilib. Görüşdə rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Uşaq Gənclər İdman Şahmat Məktəbinin, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının, Cüdo, Boks, Taekvondo, Kikboksinq Federasiyalarının nümayəndələri iştirak ediblər.
Görüşdə çıxış edən Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov bildirib ki, rayonda futbol, voleybol, şahmat, cüdo, boks, taekvondo, kikboksinq, karate-do, kyokuşin-kay karate, muay-tay, tayboks, uşusanda, alpaqut, bodibildinq, juboksinq-citsu, vale tudo, MMA idman növləri fəaliyyət göstərir. 2021-ci ildə rayon idmançılarından taekvondo idman növü üzrə Estoniya Respublikasının Tallin şəhərində keçirilən Avropa birinciliyində Çingiz Həsənov birinci, Vasif Səlimov ikinci yerə, Bolqarıstan Respublikasının Sofiya şəhərində keçirilmiş Avropa çempionatında Minayə Əkbərova üçüncü yerə layiq görülüb. Alpaqut idman növü üzrə Türkiyə Respublikasının Bursa şəhərində keçirilmiş Avrasiya çempionatında Puri Elsəvər bütün rəqiblərinə qalib gələrək Avrasiya çempionu olub.
Tədbirdə digər çıxış edənlər uğurlarla yanaşı yol verilmiş nöqsanlardan da danışıb, onların aradan qaldırılması ilə bağlı fikirlərini bildiriblər.