İQTİSADİYYAT
Ötən il Azərbaycanda 1376 kilometr yol təmir olunub
Bakı, 28 yanvar, AZƏRTAC
Ötən il 1376 kilometr yol təmir edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu barədə agentliyin idarə heyətinin sədri Saleh Məmmədov 2019-cu ilin yekunlarına və 2020-ci il qarşıda duran vəzifələrin icrasına həsr olunan kollegiya iclasında deyib.
O bildirib ki, 2019-cu il üçün tərtib edilmiş “Tədbirlər Planı”na uyğun olaraq 1376,6 kilometr uzunluğunda yolları əhatə edən 56 layihə başa çatıb. Buraya 7 respublika əhəmiyyətli, 39 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihəsi, 14 yeni körpünün və 7 piyada keçidinin tikintisi işləri daxildir. Bundan əlavə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu vəsaiti hesabına uzunluğu 43,8 kilometr olan 3 respublika əhəmiyyətli, uzunluğu 79,3 kilometr olan 13 kəndlərarası avtomobil yolu layihəsi, habelə uzunluğu 197,6 kilometr olan Bakı şəhər yollarının tikintisi, yenidən qurulması və təmiri işləri yerinə yetirilib.