İQTİSADİYYAT


Ötən il Azərbaycanla Əfqanıstanın ticarət dövriyyəsi 37 faiz artıb

Bakı, 16 iyul, AZƏRTAC

2018-ci ildə Azərbaycanla Əfqanıstanın ticarət dövriyyəsi 37 faiz artıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev Əfqanıstan İslam Respublikasının Maliyyə naziri, Prezidentin Baş Müşaviri Məhəmməd Humayun Qayuminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Nazir Azərbaycanın Əfqanıstanla ikitərəfli əməkdaşlığa önəm verdiyini, əlaqələrin genişlənməsində dövlət başçılarının siyasi iradəsini, ölkə rəhbərləri arasında keçirilən görüşlərin, aparılan danışıqların mühüm əhəmiyyətini vurğulayıb.

Ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət əlaqələri barədə danışan Ş.Mustafayev bildirib ki, 2018-ci ildə iki ölkənin ticarət dövriyyəsi 37 faiz artıb. Artım tendensiyası 2019-cu ildə də davam edir.

Azərbaycanın əlverişli iqtisadi-coğrafi mövqedə, nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini qeyd edən nazir Əfqanıstanın ölkəmizin tranzit potensialından, xüsusilə Lapis-Lazuli nəqliyyat dəhlizindən daha geniş istifadə imkanlarını vurğulayıb.

Əməkdaşlığın inkişafı perspektivlərinə gəlincə Ş.Mustafayev enerji, sənaye, kənd təsərrüfatı, ticarət və investisiya, kiçik və orta sahibkarlıq, İKT, humanitar və sair sahələrdə potensialı qeyd edib.

İqtisadiyyat naziri Azərbaycanın əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün imkanları diqqətə çatdırıb, əfqanıstanlı sahibkarları ölkəmizdə yaradılmış işgüzar şəraitdən yararlanmağa dəvət edib.

Ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edən əfqanıstanlı nazir sənaye, ticarət, investisiya və digər sahələrdə əlaqələrin inkişafı barədə fikirlərini bölüşüb.

Görüşdə Azərbaycan-Əfqanıstan iqtisadi əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.